media-0101
media-bant_master

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində qəhrəmanlıq, mərdlik və vətənpərvərlik səhifələrindən biri kimi yadda qaldı. Vətən müharibəsi yalnız torpaqlarımızın azadlığı uğrunda deyil, həm də xalqımızın birliyi, milli ruhun dirçəlişi naminə apardığı müqəddəs mübarizə idi. Hər bir şəhid bu müqəddəs mübarizənin simvoluna çevrildi. Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın hər biri xalqımızın qürur mənbəyidir. Vətən onları unutmadı və heç vaxt unutmayacaq da…

Belə qəhrəmanlardan biri də Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın istiqamətlərində gedən ağır döyüşlərdə düşmən mövqelərini öz polad tankı ilə susduran tağım komandiri, Baş leytenant Vəliyev İsmayıl Mehman oğludur. Vətən müharibəsi başlayan gündən İsmayılın tankı gecə-gündüz susmurdu. O, Quru Qoşunları tərkibində Zəngilana ilk daxil olan tankçılardan biri idi…

…İsmayılın tankı təkcə polad nəhəng deyildi, o, həm də bir dost, bir yoldaş idi ona. “Polad ürək” adlandırdığı tankı ilə İsmayıl bir neçə dəfə düşmən səddini yarıb, azadlığa gedən yolda ilk izlərini qoymuşdu. O, hər döyüşdən sonra dostlarında ruh yüksəkliyi aşılamaq üçün üzündə təbəssüm yaradaraq deyirdi: “Biz irəli getdikcə Vətən də bizimlə gedir. Biz istənilən yükskliyi itirə də bilərik, geri ala da bilərik. Gərək biz heç vaxt ruh yüksəkliyimizi itirməyək…”

Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Laçının daşlı-kəsəkli yolları İsmayılın tankının izləri ilə dolu idi. Ermənilər nəyin bahasına olursa-olsun onun tankını susdurmağa, ya da ələ keçirməyə çalışırdılar. Hətta bir neçə dəfə cəhd göstərsələr də İsmayıl tankının mövqeyini bir göz qırpımında dəyişərək, düşmənə başqa istiqamətlərdən sarsıdıcı zərbələr endirmişdi.

Ağır döyüşlərin birində İsmayılın tankı vurulur, özü isə yüngül yaralanır. Yarasının sağalmasını gözləməyən İsmayıl üç nəfər komanda heyəti ilə birlikdə başqa tankla Laçın istiqamətində gedən döyüşlərə qatılır. Deyir ki, “Qəlpə yarası nə vaxtsa sağalacaq, ancaq Vətən yarası heç vaxt sağalmaz…”

Bir neçə gün olardı ki, yuxusuz idi İsmayıl. Komandanlığın təkidinə baxmayaraq o, dincəlməyə yox, “Vətən sağ olsun!” – deyib, növbəti döyüş tapşırığını yerinə yetirməyə yollanır. Düşmənin müdafiə xəttini yarıb döyüş dostları ilə birlikdə Laçının kəndlərinə doğru istiqamət götürür… Həmin gün ağır döyüşlərdən sonra Qubadlının və Laçının bir neçə kəndi işğaldan azad olunur, növbəti gün isə İsmayılın tankı yanmış vəziyyətdə Laçının Güləbird kəndi yaxınlığından tapılır. Tank komanda heyəti ilə birlikdə yanmışdı… İsmayıl canı qədər sevdiyi bayrağı yanıb qaralmış ovcunda elə bərk-bərk sıxmışdı ki… Tağım komandiri, Baş leytenant Vəliyev İsmayıl Mehman oğlu döyüş yoldaşları ilə birlikdə 8 noyabr 2020-ci il tarixdə Qələbə xəbərinin elan olunmasına saatlar qalmış şəhidlik zirvəsinə ucaldı. İsmayılın nəşi noyabr ayının 17-də Naxçvanın şəhidlər xiyabanında dəfn olundu…

Hələ uşaq yaşlarından anasını itirən İsmayıl Vətən sevgisinə, Vətən nəvazişinə sığınmışdı. Ana sevgisini canı qədər sevdiyi Vətəndən alırdı. Onun Vətənə olan sevgisi bir dastana sığmazdı. Görəsən, haradan idi onda olan bu qədər Vətən sevgisi, Torpaq sevgisi, Bayraq sevgisi? Onların uğrunda ölməyə hər an hazır idi o. Elə yüzlərlə qəhrəman oğullarımız kimi onların uğrunda da şəhid oldu İsmayıl…

Onlar ömürlərini yarımçıq qoyub, xalqımızın gələcəyi, millətin bütövlüyü naminə şəhidlik zirvəsinə yüksəldilər. Onlar Azərbaycan torpaqlarını düşməndən azad etdilər, Vətənin namusunu qorudular.
Sabah İsmayıl kimi neçə-neçə “Polad ürəkli” İsmayıllar dünyaya göz açacaq. Bir ölüb, min diriləcəyik… İsmayılın davamçıları “Hay ver mənə, cənab leytenant!” – deyib şəhidlərimizin ruhu qarşısında baş əyəcəklər. Onlar qədər Vətəni, Torpağı, Bayrağı sevəcəklər. Çünki bu Vətən, bu Torpaq, bu Bayraq Mübarizlərin, Poladların, İsmayılların, daha neçə-neçə igid əsgərlərimizin bizə canları bahasına əmanət qoyub getdiyi VƏTƏNdir, TORPAQdır, BAYRAQdır!

Artıq İsmayılın şəhidlik zirvəsinə ucaldığı gündən 5 il ötür. Bu gün xalqımız Qələbə gününə üç gün qalmış şəhid olan İsmayılın və yüzlərcə İsmayıl kimi qəhrəmanların Zəfər bayramına hazırlaşır. Bu 5 ildə suverunliyimizin bərpa olunmasına qədər, düşmənlərimizin məhkəmə qarşısına çıxarılmasına qədər, dövlətimizin işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə başlamasına qədər, yurd-yuvalarını tərk etmiş insanların doğma torpaqlarına qayıtmasına qədər hər şey dəyişib. Dəyişməyən isə yalnız bircə şey olub – Şəhidlik zirvəsinə “Polad ürəkli” qəhrəman kimi ucalmağın… İndi bir səs sanki polad tankın tırtıllarının səsinə qrışaraq dağlarda, daşlarda əks-səda verir – “Polad ürəkli” qəhrəman, sən şəhid oldun, Vətənsə qalib!”, “Sən, əbədi yaşayacaqsan, qəhrəman əsgər!” İsmayıl artıq bir tankçı deyil, o, həm də Azərbaycanın əbədiyaşar “Polad ürəkli” qəhrəmanıdır.

Beşinci Zəfər bayramın mübarək, şəhidim!

Rasim Mədəd

P.S. Vətən üçün canını fəda edən qəhrəmanlarımız haqqında yazmaq həm şərəf, həm də borcdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!


media-adspc

Bənzər xəbərlər