media-17799568232824439946_1200x630

media-619900557_25597915853205661_6714490854514317433_n

Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura etdiyi səfərlərin təqvimi təsadüfi xarakter daşımır, bu tarixlər xüsusi məqsəd və məna daşıyır. Həmin səfərlər həm dərin rəmzi məzmun kəsb edir, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm siyasi və strateji mesajlarla müşayiət olunur.

ERAmedia xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Perspektiv Siyasətin Texnologiyaları” İctimai Birliyinin İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov söyləyib

O bildirib ki, Xocalı soyqırımının ildönümündə, Novruz bayramı ərəfəsində və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümündə işğaldan azad edilmiş ərazilərə təşkil olunan səfərlər xüsusi əhəmiyyətə malikdir. Bu səfərlər tarixi və mənəvi dəyərlərin yaşadılmasına xidmət etməklə yanaşı, azad edilmiş torpaqların bərpasına və inkişafına göstərilən siyasi dəstəyin bariz ifadəsidir.

“Bu baxımdan Prezident İlham Əliyevin 28 May – Müstəqillik Günündə Qarabağa səfəri də xüsusi diqqət çəkir. Azərbaycanın beynəlxalq nüfuzunun artdığı bir dövrdə həyata keçirilən bu səfər ölkəmizin gücünü, siyasi iradəsini və milli həmrəyliyini nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilə bilər.

Ümumilikdə bu səfərlər bir daha göstərir ki, Azərbaycan xalqı tarixinin həm ağrılı və faciəli səhifələrini, həm də şanlı zəfər günlərini unutmur. Qarabağda keçirilən tədbirlər xalqımızın tarixi yaddaşının qorunmasına, milli-mənəvi dəyərlərin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Eyni zamanda, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur da dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq diqqət mərkəzində saxlanılır”, – deyə R.Qonaqov vurğulayıb.

QHT sədri əlavə edib ki, Prezident İlham Əliyevin Xankəndidə yenidən qurulan Mədəniyyət Mərkəzinin açılışında iştirakı, Xocalıda hərbi qulluqçular üçün inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olması, “Qarabağ Tekstil Evi”nin fəaliyyəti ilə maraqlanması, Şuşa rayonunun Böyük Qaladərəsi kəndində görülən işlərə baxış keçirməsi və sakinlərlə görüşməsi, eləcə də yeni istehsal və xidmət müəssisələrinin açılışlarında iştirakı azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa prosesinin bariz nümunəsidir.

“Bu gün Azərbaycan Qarabağla və Şərqi Zəngəzurla bağlı yalnız beynəlxalq platformalarda siyasi mövqeyini ifadə edən dövlət deyil. Eyni zamanda, həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri, müasir şəhərsalma konsepsiyası, sosial obyektlərin tikintisi, iqtisadi fəaliyyətin bərpası və insanların doğma torpaqlarına qayıdışı ilə dünyaya real nəticələr nümayiş etdirən ölkədir. Məhz buna görə də Prezident İlham Əliyevin bölgəyə hər bir səfəri görülən işlərin təqdimatı olmaqla yanaşı, Azərbaycanın gücünün, potensialının və gələcəyə hesablanmış strateji baxışının nümayişi kimi dəyərləndirilməlidir.

Bu səfərlər bir daha təsdiqləyir ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi ardıcıl, sistemli və uzunmüddətli dövlət siyasətinin tərkib hissəsidir. Həyata keçirilən layihələr yalnız regionun yenidən qurulmasına deyil, həm də Azərbaycanın iqtisadi, siyasi və geosiyasi mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir”, – deyə o əlavə edib.


media-adspc

Bənzər xəbərlər