Putin sülh razılaşmasına hazırdır - Hakan Fidan AÇIQLADI
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ukrayna–Rusiya müharibəsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinin müəyyən şərtlər çərçivəsində atəşkəsi və hərtərəfli sülh sazişini qəbul etməyə hazır olduğunu açıqlayıb.
ERAmedia xəbər verir ki, nazir bu barədə Almaniyanın xarici işlər naziri Yohann David Vadefulun dəvəti ilə səfər etdiyi Berlində alman mediasının suallarını cavablandırarkən bildirib.
Fidan bildirib ki, dörd illik yıpratma müharibəsindən sonra tərəflər əvvələ nisbətən sülhə daha açıqdır.
“İnsanların yaşadıqları acıları, dağıntının miqyasını gördülər və öz hüdudlarını fərq etdilər. Bizim başa düşdüyümüzə görə, Putin də müəyyən şərtlər daxilində atəşkəsi və əhatəli sülh razılaşmasını qəbul etməyə hazırdır. Bu, Ukrayna tərəfinə çatdırılıb və biz də prosesin bəzi istiqamətlərində iştirak edirik. Bu müharibə Rusiyaya da çox ciddi xərc yaradır”, – nazir deyib.
Rusiyanın NATO ölkələrinə hücum edə biləcəyi barədə yayılan kəşfiyyat məlumatları ilə bağlı danışan Hakan Fidan qeyd edib ki, müzakirə edilən sülh razılaşması yalnız Ukraynadakı müharibəni bitirmək üçün deyil, bütün Avropa üçün uzunmüddətli sabitliyi təmin etmək baxımından böyük əhəmiyyət daşıyır.
“Yeni hücumların qarşısını almaq üçün tarixi bir imkan görürəm. Razılaşma hər iki tərəfin hansı səbəbdən olursa-olsun bir-birinə hücum etməyəcəyinə dair açıq öhdəliklər ehtiva etməlidir. Əgər razılıq əldə olunarsa, bölgədə 50, 60, hətta 70 il sülh mümkün ola bilər”, – deyə o əlavə edib.
Ankaranın Moskvaya təhdid kimi baxıb-baxmadığına dair suala cavab verən Fidan, Türkiyənin Suriya və Liviya da daxil olmaqla bir çox münaqişə ocaqlarında Rusiya ilə birbaşa qarşı-qarşıya gəldiyini xatırladıb.
“Avropa ölkələri ilə oxşar təcrübələrimiz var. Fərq ondadır ki, biz Rusiyayla dialoqu heç vaxt kəsməmişik. Maraqlarımız pozulduqda reaksiya veririk, amma qonşularımızla daimi gərginlik içində yaşaya bilmərik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, 2014-cü ildən davam edən gərginlik 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalı ilə böyük müharibəyə çevrilib. 2025-ci ilə olan məlumata görə, Ukrayna ərazilərinin təxminən 20 faizi Rusiya nəzarətindədir. Milyonlarla insan öz evlərini tərk etməyə məcbur qalıb. Münaqişə həm humanitar, həm də geosiyasi baxımdan Avropanın ən dərin böhranına çevrilib.
2022–2023-cü illərdə Rusiya müxtəlif cəbhələrdən hücumlar həyata keçirsə də, Ukraynanın güclü müqaviməti və beynəlxalq dəstək Moskvanın irəliləyişini əhəmiyyətli dərəcədə ləngidib. 2025-ci ildə də şərq və cənub cəbhələrində ağır döyüşlər davam edir. 2025-ci ilin iyununda Kostiantınivka kəndinin Rusiya qüvvələri tərəfindən ələ keçirilməsi buna misal göstərilir.
Hər iki tərəfdə enerji və elektrik infrastrukturuna hücum riski yüksək olaraq qalır. Müharibə milyonlarla qaçqın və ölkə daxilində didərginliklə nəticələnib. 2023-cü ilin aprel ayına qədər 8 milyondan çox insan ölkə daxilində yerini dəyişib, 8,2 milyon nəfər isə Ukraynanı tərk edib.
2025-ci ilin əvvəlində açıqlanan məlumatlara əsasən, genişmiqyaslı işğal dövründə 46 min Ukrayna hərbçisi həlak olub, 390 mindən çox əsgər yaralanıb. Sivil itkilər və infrastruktur dağıntıları da ciddi səviyyədədir.
Vural Həsənoğlu










