Rəqəmsal bazarda problemlər qalır – Hesabat nələri gizlədir?
Ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2025-ci ilin Hesabatını açıqlayıb.
ERAmedia xəbər verir ki, hesabata münasibətini açıqlayan Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sözlərinə görə, sektorunun tənzimləyici qurumunun illik hesabatına baxanda açıq şəkildə görünür ki, sənəd tənzimləyici qurumun deyil, hansısa bir uçot-sttaistika yönümlü qurumun əsasən texniki-statistik göstəricilərin təqdimatıdır.
O bildirib ki, sürətlər ölçülüb, abunəçilər sayılıb, uçot işləri aparılıb, reyestrlər yenilənib. Mütəxəssis amma sektorun real problemlərinin yenə də kənarda qaldığını deyib.
“Cəmiyyəti narahat edən, ictimai əhəmiyyət kəsb edən aşağıdakı mövzularla bağlı İKTA-nın Hesabatında heç nə tapa bilmədim:
– İnternet tariflərində seçim hüququnun olmaması ilə bağlı Hesabatda heç nə yoxdur
– Mobil operatorların qiymət siyasəti barədə mövqe yoxdur
– 5G lisenziyalarının nə vaxt və hansı şərtlərlə veriləcəyi barədə konkretlik yoxdur.
– Bazarda provayderlərin real dominantlıq problemi və rəqabətin faktiki vəziyyəti barədə analiz yoxdur
– Virtual mobil operatorlar məsələsi ümumiyyətlə gündəmə gətirilmir
– Dövlətə məxsus GPON infrastrukturundan özəllərin istifadə qaydaları ilə bağlı heç nə yoxdur.
– Regionlarda internetin əlçatanlığı və qiymət–gəlir balansı barədə heç bir qiymətləndirmə yoxdur (dövlət provayderi regionlarda heç bir güzəşt təqdim etmir)
– Müştərinin internet xidmətini əldə edə bilməməsilə bağlı kompensasiya mexanizmləri barədə hesabat susur və s.
Tənzimləyici qurum yalnız ölçən və qeydə alan orqan olmamalıdır. Onun vəzifəsi bazara real təsir etmək, rəqabəti formalaşdırmaq, istehlakçının maraqlarını qorumaq və qiymət balansını təmin etməkdir”, – deyə o əlavə edib.
O.Gündüz qeyd edib ki, əgər bu məsələlər hesabatlarda görünmürsə, bu ya prioritetlərin düzgün qurulmamasıdır, ya da problemlərə toxunmaqdan yayınmaqdır:
“Düşünürəm ki, İKTA səylərini ciddi şəkildə gücləndirilməli, səlahiyyətləri artırılmalı və bazarın struktur problemlərinə birbaşa müdaxilə edə biləcək institusional çəki formalaşdırılmalıdır.
Əks halda, texniki-statistik hesabatlar sektorda real dəyişiklik yaratmayan formal sənədlər olaraq qalacaq”
Vural










