media-457fbcd6-9d77-4dbb-9f4d-0cefce7d620a

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz kibertəhlükəsizlik və rəqəmsal kriminalistika sahəsində baş verən son inkişafları və yeni çağırışları şərh edib.

ERAmedia xəbər verir ki, onun sözlərinə görə, son illərdə, xüsusilə də son 4 ildə Azərbaycanın kiber ekosistemi ciddi inkişaf mərhələsindən keçib, yeni institusional qurumlar yaradılıb, beynəlxalq təmsilçilik genişlənib və qlobal reytinqlərdə irəliləyişlər qeydə alınıb.

Osman Gündüz qeyd edib ki, Prezidentin müvafiq Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması bu istiqamətdə mühüm institusional addımlardan biridir. Eyni zamanda, müxtəlif qurumların iştirakı ilə keçirilən konfrans və forumlar sektorda mühüm müzakirə platforması formalaşdırır.

O bildirib ki, bir müddət əvvəl qanunvericiliyə elektron verilənlərin və rəqəmsal sübutların daxil edilməsi mühüm və mütərəqqi addım kimi qiymətləndirilməlidir. Bu dəyişikliklər transsərhəd kibercinayətlərlə mübarizə, rəqəmsal sübutların hüquqi statusunun müəyyənləşdirilməsi və rəqəmsal araşdırmaların effektivliyi üçün yeni imkanlar yaradır.

Forumda çıxışı zamanı Osman Gündüz xüsusi olaraq rəqəmsal kriminalistikanın inkişafı ilə paralel şəkildə “rəqəmsal insan hüquqları”nın qorunmasının da vacibliyini vurğulayıb. Onun fikrincə, bu məsələ təkcə Azərbaycan üçün deyil, ümumilikdə dünya üçün aktualdır.

O qeyd edib ki, süni intellekt, deepfake texnologiyaları, bulud xidmətləri və sosial şəbəkələrin geniş istifadəsi fonunda əsas sual yalnız kibercinayətlərin aşkarlanması deyil, həm də rəqəmsal sübutların etibarlılığı və vətəndaş hüquqlarının qorunmasıdır.

Osman Gündüz bildirib ki, şəxsin saxlanılması avtomatik olaraq onun mobil telefon və ya kompüterinə tam çıxış verilməsi anlamına gəlməməlidir. Onun sözlərinə görə, bu məsələdə məhkəmə nəzarəti və hüquqi təminatlar gücləndirilməlidir.

“İnsanların şəxsi və peşə həyatı bu gün əsasən telefon və kompüterlərdə cəmlənib. Ona görə də bu cihazlara müdaxilə məsələsi ayrıca hüquqi tənzimləmə tələb edir,” – deyə o vurğulayıb.

O əlavə edib ki, rəqəmsal sübutların toplanması, saxlanması və ekspertizası üzrə beynəlxalq standartların ölkədə də tətbiqi vacibdir. Bu, sübutların dəyişdirilmədiyinə və hüquqi etibarlılığına zəmanət verə bilər.

Sonda Osman Gündüz qeyd edib ki, rəqəmsal transformasiya dərinləşdikcə kibertəhlükəsizlik, rəqəmsal kriminalistika və rəqəmsal hüquqlar bir-birini tamamlayan istiqamətlər kimi inkişaf etməlidir. Onun fikrincə, güclü rəqəmsal dövlət yalnız texnologiya ilə deyil, həm də vətəndaş hüquqlarını qoruyan etibarlı mexanizmlərlə formalaşa bilər.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər