Roma Papasının səfərindən bir neçə saat sonra satışa çıxarıldı - MARAQLI ELAN
Türkiyənin Bursa bölgəsinin İznik rayonunda 2500 illik tarixi surların daxilində yerləşən torpaq sahəsi satışa çıxarılıb.
ERAmedia xəbər verir ki, həmin elan Vatikan lideri, Papa XIV Leonun İznikə səfərindən sonra yayılıb. Birinci dərəcəli tarixi-mədəniyyət abidəsi sayılan 720 kvadratmetrlik torpaq sahəsi internet vasitəsilə satışa çıxarılıb. Elanı səfərdən bir gün sonra inşaat mühəndisi Kadircan Aslıvar yayımlayıb. O bildirib ki, təxminən 2 500 illik İznik surları üzərindəki 114 bürcdən biri də 13 il əvvəl ailəsinin aldığı həmin sahəyə daxildir.
Miladdan əvvəl IV əsrdə Bitinya dövründə inşasına başlanılan, Roma və Bizans dönəmlərində əlavə tikililərlə günümüzə çatan İznik surları satış elanı ilə yenidən gündəmə gəlib.
Bursada yaşayan Kadircan Aslıvarın sözlərinə görə, surların İstanbul qapısı ilə tamamilə dağılan Göl qapısı arasındakı ərazidə yerləşən bu xüsusi torpaq sahəsi 5 milyon 500 min lirəyə satışa çıxarılıb.
Aslıvar, ailəsinin bu sahəni 13 il əvvəl İznikə səfər edərkən aldıqlarını bildirib.
“İstanbuldan tez-tez İznikə gəldiyimiz vaxtlar, tarixi atmosfer bizi çox təsirləndirirdi. Sur içində qalan bu yerin xüsusi bir sahə olduğunu və satışda olduğunu görəndə əvvəlcə təəccübləndik, sonra isə aldıq”, – deyə o bildirib.
O deyib ki, sahəyə daxil olan bürc və ətraf surlar bu ərazini daha da xüsusi edir.
“Etrafı surlarla əhatəlidir. Buraya sahib olduqda özümüzü çox fərqli hiss etdik. 4 əsas girişi olan bu qala 4 İncilin rəmzidir. 12 kiçik qapı isə İsanın 12 həvarisini ifadə edir. Bu qapılardan biri bizim sahənin yanındadır. 720 kvadratmetrlik torpaq sahəsi arxasındakı bürcü də əhatə edir. İznik gölü də çox yaxındadır”, – o qeyd edib.
Aslıvar bildirib ki, xüsusilə Papa XIV Leonun son səfərindən sonra bölgəyə maraq daha da artıb:
“Hazırda burada tikinti aparmaq mümkün deyil. Ancaq Abidələr Komissiyası zəruri icazələri verərsə, İznikə dəyər qatacaq gözəl bir layihə gerçəkləşdirilə bilər”.
Vural Həsənoğlu










