Rusiya bu ölkələrə hücuma hazırlaşır: Ekspert detalları açıqladı - TƏHLİL
Rusiya artıq 2026-cı ildə NATO-nun şərq cinahında hibrid eskalasiyaya hazırlaşır.
ERAmedia xəbər verir ki, Bu barədə beynəlxalq təhlükəsizlik üzrə ekspert Taras Jovtenko “Kiyev24” telekanalının efirində bildirib.
Ekspertin sözlərinə görə, ən real ssenari Rusiyanın Litva ilə Polşa arasında quru dəhlizi yaratmağa cəhd etməsidir. Bununla belə, Rusiya ordusu bu ölkələrin ərazilərində möhkəmlənməyəcək, lakin müəyyən ərazilərdə blokpostlar qura bilər.
Kreml bu addımı guya Rusiyanın Kalininqrad vilayətinin blokadaya alınması təhlükəsi ilə əsaslandıra bilər. Jovtenko vurğulayıb ki, hazırda Rusiya təbliğatı bu mövzunu fəal şəkildə gündəmə gətirir.
Bundan başqa, ekspertin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin açıq şəkildə bəyan edib ki, “əgər Moskvada Kalininqradın blokadası təhlükəsi görsələr, bu, Avropa üçün böyük müharibənin başlanğıcı demək olacaq”.
“Əslində, rusların artıq bəhanəsi hazırdır. Sonradan onlar sadəcə Lukaşenkonu ortaya çıxaracaqlar və o, Kalininqrad vilayətinin blokadasının dörd istiqamətdən hazırlandığını “göstərəcək”. Böyük ehtimalla əsas istiqamət məhz Kalininqrad istiqaməti olacaq”, – deyə Taras Jovtenko bildirib.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə bəyan edib ki, Ukraynaya qarşı müharibədən sonra Rusiya NATO ölkələrinə hücum edə bilər. O, tərəfdaşları bu cür ssenariyə hazır olmağa çağırıb. Diplomatın sözlərinə görə, Avropada təhlükəsizlik yalnız Rusiyadan müdafiə kontekstində təmin edilə bilər.
Öz növbəsində, NATO-nun baş katibi Mark Rütte ehtimal edib ki, Rusiya və Çin Avropa və Tayvana qarşı koordinasiyalı hücum həyata keçirə bilərlər. Eyni zamanda, Avropanın ABŞ-ın dəstəyi olmadan Rusiya işğalının qarşısını alıb-almayacağı ilə bağlı suala cavab verən Rütte bildirib ki, avropalıların “buna görə narahat olmasına ehtiyac yoxdur”.
Sözügedən iddialar fonunda əsas sual Rusiyanın real imkanları və strateji niyyətlərinin nə dərəcədə üst-üstə düşməsidir. Ukraynada davam edən müharibə Rusiya üçün ciddi hərbi, iqtisadi və demoqrafik itkilər yaradıb və bu, ölkənin uzunmüddətli genişmiqyaslı hücum potensialını zəiflədib.
Eyni zamanda, Kreml birbaşa hərbi toqquşmadan çox, təzyiq və qeyri-müəyyənlik yaratmağa yönəlmiş siyasi və hərbi-texniki alətlərdən istifadə etməyə üstünlük verir. NATO-nun kollektiv müdafiə mexanizmi Rusiyanın alyans ölkələrinə açıq hücum etməsi halında nəticələrin çox ağır olacağını göstərir.
Bu səbəbdən Moskva üçün NATO-ya qarşı tammiqyaslı müharibə rasional seçim hesab edilmir. Daha real görünən variant Rusiya tərəfindən təhdid ritorikasının gücləndirilməsi və Avropa ölkələrində daxili siyasi parçalanmanı dərinləşdirməyə yönəlmiş fəaliyyətlərdir. Qərb ölkələrinin hərbi xərcləri artırması və müdafiə koordinasiyasını gücləndirməsi Rusiyanın manevr imkanlarını daha da məhdudlaşdırır. Buna baxmayaraq, risklərin tamamilə yox sayılması düzgün olmaz, çünki avtoritar rejimlərdə qərarların rasional çərçivədən kənara çıxması mümkündür. Nəticə etibarilə, Rusiya Ukraynadan sonra NATO ölkələrinə hücum edə bilərmi sualına cavab olaraq demək olar ki, bu ehtimal qısa və orta müddətdə aşağıdır, lakin siyasi və təhlükəsizlik baxımından diqqətdə saxlanılmalıdır.
ERAmedia Analitik Qrupu










