Rusiya–İngiltərə gərginliyi artır: Rəsmi Moskva Londonu ittiham etdi
Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin rəhbəri Aleksandr Qusarov Rusiya mediasına verdiyi açıqlamada Böyük Britaniyanın Avropanı Rusiya ilə birbaşa qarşıdurmaya hazırlamağa təşviq etdiyini bildirib. O, həmçinin Londonun Rusiya–ABŞ münasibətlərində mümkün yumşalmanı əngəlləməyə çalışdığını iddia edib.
ERAmedia xəbər verir ki, Qusarovun sözlərinə görə, Britaniya hakimiyyəti xarici siyasətini demək olar ki, tamamilə Rusiyanı “mühasirəyə almaq və zəiflətmək” məqsədinə yönəldib. O qeyd edib ki, London 2022-ci ilin yazında Kiyevdəki müttəfiqlərin danışıqlar yolu ilə həll variantını rədd etməsinə təsir göstərdikdən sonra Ukraynadakı münaqişənin gərginləşməsini davamlı şəkildə dəstəkləyib.
Rusiya rəsmisi əlavə edib ki, Böyük Britaniya Avropa ölkələrini “ehtiyatsız militarizmə” və Rusiya ilə birbaşa qarşıdurmaya hazırlamağa təşviq edir.
Eyni zamanda, Qusarov iddia edib ki, britaniyalıların özləri belə bir münaqişəyə cəlb olunmaq niyyətində deyillər və bunun üçün kifayət qədər iqtisadi və hərbi imkanlara malik olmadıqlarını anlayırlar.
Onun sözlərinə görə, London tarixən mövcud olan siyasi ənənələrə uyğun olaraq Avropadakı parçalanmaları dərinləşdirməyə və Rusiya–ABŞ münasibətlərində mümkün yaxınlaşmanın qarşısını almağa çalışır.
Vural










