Rusiya və Ukrayna qarşılıqlı zərbələri artırır: Müharibənin gələcək ssenariləri
Rusiya-Ukrayna müharibəsində hazırkı mərhələ həlledici dönüş nöqtəsindən uzaqdır və qarşıdurmanın yaxın perspektivdə başa çatacağına dair əlamətlər görünmür.
Bu fikirləri ERAmedia-ya açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı səsləndirib.
Onun sözlərinə görə, cəbhədə yaranmış nisbi tarazlıq, tərəflərin bir-birinin dərinliklərinə endirdiyi zərbələrin intensivləşməsi, hərbi sənayenin genişlənməsi və siyasi məqsədlərdən geri çəkilməməsi müharibənin daha uzunmüddətli xarakter alacağını göstərir.
Siyasi şərhçi bildirib ki, 2026-cı ilin yayında yaranan əsas paradoks ondan ibarətdir ki, həm Rusiya, həm də Ukrayna qarşı tərəfə ciddi zərər vurmaq imkanına malik olsa da, bunu strateji qələbəyə çevirə bilmir.
Mürtəza Bünyadlının fikrincə, Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Rusiyanın dərinliklərində həyata keçirdiyi hücumlar müharibədə yeni reallıq yaradıb. Lakin bu zərbələr Rusiyaya iqtisadi və logistika baxımından təzyiq göstərsə də, Kremlin siyasi iradəsini sarsıtmaq üçün kifayət etmir.
O qeyd edib ki, Rusiya da ballistik raketlər və pilotsuz uçuş aparatlarından geniş istifadə etsə də, bununla müharibənin gedişatını öz xeyrinə dəyişəcək strateji üstünlük qazana bilmir.
Şərhçinin sözlərinə görə, Kiyev yalnız ABŞ-ın aktiv hərbi və siyasi dəstəyi ilə Rusiyanın hücumlarına uzun müddət tab gətirə və döyüş meydanında ciddi dönüş yarada bilər. Lakin hazırkı mərhələdə Vaşinqtonun diqqətinin Yaxın Şərqdəki proseslərə yönəlməsi Ukraynaya göstərilən dəstəyin əvvəlki səviyyədə davam etməsinə imkan vermir. O əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın iyulun 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə səsləndirdiyi fikirlər də bunu təsdiqləyir.
Mürtəza Bünyadlı bildirib ki, NATO ölkələri 2026-cı il üçün Ukraynaya böyük həcmdə hərbi yardım öhdəliyi götürsələr də, yardımın həcmi ilə onun döyüş meydanına çatdırılması arasında zaman fərqi qalır. Bu səbəbdən hazırda əsas məsələ hansı tərəfin daha uzun müddət resurslarını qoruyaraq mübarizəni davam etdirə bilməsidir.
Siyasi şərhçi müharibənin yekunu ilə bağlı üç əsas ssenarinin daha real göründüyünü də diqqətə çatdırıb.
Onun fikrincə, birinci və ən real ssenari uzunmüddətli aşınma müharibəsidir. Bu halda tərəflər cəbhədə yalnız məhdud irəliləyişlər əldə edir, lakin heç biri strateji üstünlük qazana bilmir.
İkinci ssenari tərəflərdən birinin müəyyən istiqamətdə üstünlük əldə etməsi və bunun danışıqlar masasında daha əlverişli mövqe yaratmasıdır.
Üçüncü ssenari isə hər iki tərəfin müharibəni davam etdirməyin dəyərinin əldə edilə biləcək əlavə siyasi və ya ərazi nəticələrindən daha yüksək olduğunu qəbul etməsi fonunda atəşkəs və ya mərhələli siyasi razılaşmanın əldə olunmasıdır.
Mürtəza Bünyadlı hesab edir ki, hazırda ən real görünən variant məhz uzunmüddətli aşınma müharibəsidir.
O vurğulayıb ki, Rusiya daha böyük resurs bazasına malik olsa da, sürətli qələbə qazana bilmir. Ukrayna isə Qərbin siyasi və hərbi dəstəyi, müasir texnologiyalar və Rusiyanın dərinliklərinə zərbə imkanlarına sahib olsa da, bunları strateji qələbəyə çevirmək üçün kifayət qədər resurs toplamayıb.
Şərhçinin sözlərinə görə, bu səbəbdən qarşıdurma gərginliyin azalması istiqamətində deyil, yeni eskalasiya mərhələlərinə doğru inkişaf edir. Rusiyanın raket və dron hücumları ilə Ukraynanın uzaqmənzilli zərbələri qarşılıqlı tükəndirmə strategiyasının əsas elementinə çevrilib. İyulun son günlərində Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələrindən sonra Moskvanın Ukrayna şəhərlərinə raket hücumlarını daha da intensivləşdirməsi bunun növbəti nümunəsidir.
Mürtəza Bünyadlı sonda bildirib ki, yaxın perspektivdə əsas sual “kim qalib gələcək?” deyil, “kim daha uzun müddət dözə biləcək və daha gec tükənəcək?” olacaq. Onun fikrincə, 2026-cı ilin ikinci yarısında mübarizə yalnız Donbas və cəbhə xəttində deyil, eyni zamanda sənaye, enerji, hava hücumundan müdafiə, logistika, maliyyə və diplomatiya sahələrində də davam edəcək.
Siyasi şərhçi vurğulayıb ki, hazırkı şəraitdə nə Rusiyanın yaxın zamanda qəti qələbəsi, nə də Ukraynanın Moskvanı hərbi yolla sülhə məcbur etməsi real görünür. Onun qənaətincə, müharibənin sonunu müəyyən edəcək əsas amil tərəflərdən birinin tam məğlubiyyəti deyil, hərbi imkanlarla siyasi məqsədlər arasında formalaşacaq yeni balans olacaq. Bu balans yaranana qədər isə qarşıdurmanın əsas xətti dəyişməyəcək – cəbhədə məhdud irəliləyişlər, dərinlikdə daha sərt zərbələr, qarşılıqlı tükəndirmə və vaxtaşırı diplomatik təşəbbüslər davam edəcək.








