Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin
Bizim Azərbaycanla həm iqtisadiyyatda, həm də siyasətdə həmişə çox yaxşı və səmimi münasibətlərimiz olub və bu davam edir.
ERAmedia xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına cavabında bildirib.
Bir neçə il əvvəl iki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalandığını xatırladan Rusiya dövlətinin başçısı qeyd edib: “Prezident İlham Əliyev bu müqaviləni konkret məzmunla zənginləşdirmək üçün xeyli səy göstərir. Bu öz əksini əməkdaşlığımızın konkret istiqamətlərində tapır”.
Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının həcminin 10 milyard dolları keçdiyini vurğulayan Vladimir Putin deyib: “Rusiya kapitalı ilə çoxlu sayda müəssisə fəaliyyət göstərir. Humanitar məsələlərdə sıx qarşılıqlı fəaliyyətimiz var”.
Vladimir Putin, həmçinin iki ölkənin logistika sahəsində qarşılıqlı maraq doğuran bir çox məsələsinin olduğunu bildirib. Rusiya Prezidenti buna nümunə olaraq “Şimal-Cənub” nəqliyyat dəhlizini göstərib.










