Sabiq deputat: “Koçaryan bu seçkidə siyasi səhnədən silinə bilər”
Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra ölkədə ciddi qarşıdurmaların baş verəcəyi ilə bağlı səsləndirilən fikirləri reallıqdan uzaq hesab etmək olar.
Bu fikirləri ERAmedia-ya açıqlamasında Milli Məclisin sabiq deputatı Etibar Əliyev bildirib.
Onun sözlərinə görə, Ermənistanda siyasi prosesləri uzun müddətdir yaxından izləyir və bu ölkədə vətəndaş müharibəsinə səbəb ola biləcək ciddi ictimai impuls müşahidə etmir.
“Qərbi Azərbaycanda orta məktəbdə təhsil aldığım dövrdə erməni dilini öyrənmişəm. Bu səbəbdən Ermənistan mediasını, namizədlərin çıxışlarını və seçki kampaniyasını birbaşa izləmək imkanım var. Müşahidələrim göstərir ki, ölkədə insanları vətəndaş qarşıdurmasına sürükləyəcək mühit formalaşmayıb”, – deyə o qeyd edib.
Sabiq deputat bildirib ki, müharibə tərəfdarı olan radikal qrupların əhəmiyyətli hissəsi artıq siyasi təsir imkanlarını itirib, qalan hissə isə passiv mövqe nümayiş etdirir.
Etibar Əliyevin fikrincə, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın seçki görüşlərində də onun siyasi baxımdan çətin vəziyyətdə olduğu hiss olunur: “Cəmiyyətdə ona ciddi dəstək görünmür. Sosial şəbəkələrdə və televiziya auditoriyasında da Koçaryanın izləyici sayı Baş nazir Nikol Paşinyanla müqayisədə dəfələrlə azdır”.
O hesab edir ki, Ermənistan cəmiyyəti son illərdə sülh gündəminə uyğunlaşmağa başlayıb və bu istiqamətdə müəyyən adaptasiya prosesi müşahidə olunur.
“Koçaryanın siyasi fəaliyyətində uzun illər əsas rol oynayan Qarabağ amili onun təhtəlşüurundan silinməyib. Hegelin məşhur ifadəsi ilə desək, onun şüuru hələ də bədbəxtçilik hissindən xilas olmayıb. Bu seçkinin isə Koçaryanın siyasi taleyində həlledici rol oynayacağını düşünürəm”, – deyə sabiq deputat vurğulayıb.
Etibar Əliyev Rusiyanın Ermənistanda qarşıdurma yaratmaq ehtimalını da aşağı qiymətləndirib. Onun sözlərinə görə, hazırkı geosiyasi şəraitdə belə ssenarinin reallaşması üçün ciddi əsaslar görünmür.
Sabiq deputat həmçinin qeyd edib ki, Ermənistanın gənc nəsli, xüsusilə Z nəsli siyasi proseslərə əvvəlki dövrlərlə müqayisədə daha az maraq göstərir və müharibə ideyalarına meyilli deyil. Orta və yaşlı nəsil isə son illərin hadisələrindən mühüm nəticələr çıxarıb.
Etibar Əliyevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülhün əldə olunmasına yönəlmiş danışıqlar regionda qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir. O əlavə edib ki, dünyanın aparıcı dövlətləri və beynəlxalq institutları da bu prosesi dəstəkləyir.
“Bütün bu amillər göstərir ki, regionda sabitliyin və sülhün möhkəmlənməsi üçün əvvəlki dövrlərlə müqayisədə daha əlverişli şərait yaranıb”, – deyə Etibar Əliyev bildirib.
Vural









