media-138750

Texnologiyanın sürətli inkişafı son onilliklərdə insanların həyat tərzini və ünsiyyət formalarını ciddi şəkildə dəyişib.

Milli Məclisin sabiq deputatı, təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, bir vaxtlar həyatın ayrılmaz hissəsi olan bir çox ənənəvi vasitələr artıq gündəlik yaşamdan çıxıb.

Onun sözlərinə görə, əvvəllər evlərə və mənzillərə telefon çəkdirmək üçün növbəyə yazılmaq lazım gəlirdi, indi isə ev telefonu ilə danışanların sayı demək olar ki, yox səviyyəsindədir. Televiziyanın auditoriyası kəskin azalıb, qəzet köşkləri isə artıq şəhər mənzərəsinin bir hissəsi deyil.

“Son 10-15 ildə qoltuğunda qəzet gəzdirən adama rast gəlmirəm. Kitab da əvvəlki mövqeyini itirib. Şəxsi kitabxana yaradan insanlar barmaqla sayılacaq qədər azalıb. Gənclər arasında kitab oxuyanlara rast gəlinir, amma orta və yaşlı nəslin bu vərdişdən uzaqlaşması düşündürücüdür”, – deyə o qeyd edib.

Ekspertin fikrincə, cəmiyyət iri addımlarla sosial şəbəkələr dövrünə daxil olsa da, bu platformalar çox vaxt gözlənilən intellektual mühitə çevrilə bilmir.

“Facebook hər bir xalqın intellektual potensialını üzə çıxarmaq üçün böyük imkandır. İnsan hər gün nəsə öyrənmək ümidi ilə bu qapını açır. Amma çox zaman qarşılaşdığımız mənzərə məyus edir. Nadanlıq, boş danışıq və narsisizm maraqlı fikir mübadiləsinə imkan vermir. Bu da düşünən və yazmaq istəyən insanlarda həvəsi azaldır”, – deyə Etibar Əliyev vurğulayıb.

O xatırladıb ki, alman filosofu Immanuel Kant insan qarşısında “Mən nəyi bilməliyəm?”, “Mən nə etməliyəm?” və “Mən nəyə ümid etməliyəm?” suallarını qoyurdu. Təhsil eksperti bildirib ki, bu suallar içərisində “İnsan nədir?” məsələsi bu gün də aktuallığını qoruyur və hətta süni intellekt dövründə daha mürəkkəb məna kəsb edir.

“Bu gün qarşımızda yeni suallar var: Süni intellekt insanın qavradığı reallığın bütün tərəflərini anlaya biləcəkmi? Süni intellekt epoxasında insan olmaq nə deməkdir? Təəssüf ki, bu məsələləri müzakirə etmək əvəzinə sosial şəbəkələrdə qarşıdurmalar və didişmələr üstünlük təşkil edir”, – deyə o əlavə edib.

Etibar Əliyev bildirib ki, qlobal populyarlıq qazanan TikTok platformasında müxtəlif məzmunlar bir araya gəlir: ciddi fəlsəfi fikirlərdən sadə əyləncəyə qədər hər şey eyni məkanda təqdim olunur. Onun fikrincə, informasiya bolluğu özü-özlüyündə bilik və ya müdriklik demək deyil.

Ekspert bu kontekstdə Nobel mükafatı laureatı T. S. Eliotun “İnformasiya bilik deyil, bilik isə müdriklik deyil” fikrini xatırladıb.

Sonda o qeyd edib ki, sosial şəbəkələrdə yeni maarifçilik mühitinə ciddi ehtiyac var:

“Bu platformalar biliyin geniş yayılmasına xidmət etməlidir. Təəssüf ki, mənasız aforizmlər, kimisə linç etmək, yaxud səviyyəsiz yumor paylaşmaq çox vaxt ikrah hissi yaradır. Sosial şəbəkələr cəmiyyətin mənəviyyatının rentgeni və fikir dostluğu yaradan platformaya çevrilməlidir”.

Vural


media-adspc

Bənzər xəbərlər