Süni intellekt və informasiya axını insanı necə dəyişir? – AÇIQLAMA
Müasir texnologiyaların və süni intellektin sürətlə həyatımıza daxil olduğu bir dövrdə insanın öz mahiyyətini qoruyub saxlaması getdikcə daha böyük əhəmiyyət qazanır.
Siyasi təhlilçi Zaur İbrahimli ERAmedia-ya açıqlamasında bildirib ki, insan qalmağın ən təsirli yollarından biri tamamilə təmənnasız yaxşılıq etməkdir.
Onun sözlərinə görə, insan qarşılıq gözləmədən yaxşılıq edəndə yalnız öz nəfsinə qalib gəlmir, eyni zamanda texnoloji sistemlərin insanı alətə çevirmək meyillərinə qarşı da mənəvi üstünlük əldə edir.
“Texnologiyanın, informasiya axınının və süni intellektin sürətlə inkişaf etdiyi bir zamanda insanı vasitəyə çevirmək təhlükəsi daha açıq görünür. Bu şəraitdə insan qalmaq uğrunda mübarizə zərurətə çevrilib. Çünki hazırda insanın diqqəti, şəxsi məlumatları, davranışları, hətta yaşadığı çətinliklər belə alqoritmlər üçün mənfəət gətirən resurs kimi qiymətləndirilir”, – deyə Zaur İbrahimli vurğulayıb.
Siyasi təhlilçi hesab edir ki, müasir dövrdə insan kimi qalmaq artıq təkcə bioloji mövcudluq məsələsi deyil, həm də düşüncəni, fərdiyyəti və yaradıcılığı qorumaq bacarığıdır.
“İnsan qalmaq sağlam düşüncəni saxlamaq, fərdiyyətini mühafizə etmək, yaradıcılığını və əxlaqını itirməmək deməkdir. Əxlaqı qorumaq isə vasitəyə çevrilməyi rədd etmək, həm özümüzün, həm də ətrafımızdakı insanların insan kimi qalması üçün mübarizə aparmaqdır”, – deyə Zaur İbrahimli əlavə edib.
Vural










