Trampdan sülh AÇIQLAMASI: "Razılaşma ehtimalı yüksəkdir"
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişəni sona çatdırmaq üçün saziş imzalama perspektivlərinə optimist yanaşdığını bildirib.
ERAmedia xəbər verir ki, bu barədə ABŞ lideri noyabrın 30-da Florida ştatında keçirilən ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüşün nəticələrini şərh edərkən deyib.
“Düşünürəm ki, biz saziş bağlamaq üçün bütün şanslara sahibik”, – deyə Ağ Ev rəhbəri “Air Force One” prezident təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib.
Eyni zamanda, o, Ukraynanın “bir neçə mürəkkəb kiçik problemi” olduğunu qeyd edib. “Ukraynanın bir sıra mürəkkəb problemləri var, amma məncə, Rusiya da bunun bitməsini istəyir. Və bilirəm ki, Ukrayna da bunu dəqiq istəyir”, – Tramp bildirib.
Tramp həmçinin son bir ay ərzində Rusiya-Ukrayna müharibəsində təxminən 27 000 hərbçinin həlak olduğunu qeyd edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ və Ukrayna nümayəndə heyətləri Mayami (Florida ştatı, ABŞ) şəhərində görüş keçiriblər. ABŞ dövlət katibi Marko Rubio və Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Ümerov görüşün nəticələrini mətbuata açıqlayıblar. Tərəflər baş tutan məsləhətləşmələri “səmərəli” adlandırıblar.
Vural Həsənoğlu









