media-3582016

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk 4 ayında Azərbaycana 658,5 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalma deməkdir.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, bu azalma həm obyektiv qlobal faktorlar, həm də bazar strukturundakı dəyişikliklərlə bağlıdır.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycana gələn turistlərin ölkə mənşəyi strukturundakı dəyişiklik ümumi göstəricilərə birbaşa təsir göstərir. Hazırda turistlərin təxminən yarısı iki ölkənin – Rusiya və Türkiyənin payına düşür. Statistikaya əsasən, hər 100 turistdən 27-si Rusiya, 22-si isə Türkiyə vətəndaşıdır.

Bununla yanaşı, əvvəlki dövrlərdə 11 faiz təşkil edən Hindistan bazarı hazırda 3 faizə qədər geriləyib ki, bu da ümumi axının azalmasında mühüm rol oynayıb.

Məlumatlara əsasən, regionda baş verən gərginliklər də turizm axınına təsirsiz ötüşməyib. Xüsusilə İranla bağlı münaqişənin təsirləri həm Azərbaycan, həm də qonşu ölkələrə gələn turist sayında özünü göstərib.

Gürcüstanla müqayisədə bəzi fərqli dinamika müşahidə olunsa da, ümumi tendensiya müəyyən azalmaları ortaya qoyur. İran və Hindistandan gələn turist axınında ciddi enişlər qeydə alınıb.

Hesabat dövründə Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayı 17,1 faiz, MDB ölkələrindən gələnlərin sayı isə 3,5 faiz artsa da, Körfəz ölkələrindən gələn turistlərin sayında 27,8 faiz azalma müşahidə olunub.

Mütəxəssislər bu azalmanı həm regional risklərlə, həm də səyahət davranışlarındakı dəyişikliklərlə izah edirlər.

Deputat qeyd edib ki, turizm Azərbaycanda neftdən sonra ən çox valyuta gətirən sahələrdən biridir. Pandemiyadan əvvəl ölkənin illik turizm gəlirləri təxminən 2,7 milyard dollar təşkil edirdi.

Onun sözlərinə görə, sektorun inkişafı üçün turizm infrastrukturunun yaxşılaşdırılması, qiymətlərin optimallaşdırılması və bölgələrdə xidmət keyfiyyətinin artırılması vacibdir. Hazırda həm Bakı, həm də regionlarda qiymətlərin yüksək olması daxili və xarici turizm axınına mənfi təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.

Ekspertlərin fikrincə, turizm bazarının daha dayanıqlı olması üçün ölkəyə gələn turist mənbələrinin şaxələndirilməsi və xidmət sektorunda islahatların dərinləşdirilməsi prioritet olaraq qalır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər