Türkiyə beynəlxalq forumların mərkəzinə çevriləcək - ƏRDOĞAN
Türkiyənin KIZILELMA adlı pilotsuz uçuş aparatı birbaşa görmə xəttindən kənarda yerləşən hədəfləri vurmaq qabiliyyətinə malik ilk döyüş dronu olub və Türkiyə hava hücumundan müdafiə sahəsində strateji üstünlük əldə edib.
ERAmedia xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.
Ərdoğan çıxışında həmçinin bildirib ki, 2026-cı ildə Türkiyə beynəlxalq forumların mərkəzinə çevriləcək və BMT-nin COP31 iqlim sammitinə, NATO sammitinə, eləcə də Türk Dövlətləri Təşkilatının 13-cü sammitinə ev sahibliyi edəcək.
Çıxışı zamanı Türkiyə lideri ölkənin iqtisadi uğurlarına da toxunub. Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatı artım tendensiyasını qoruyub və 2025-ci ilin üçüncü rübündə illik hesablamada 3,7% göstərici ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri arasında 4-cü yeri tutub.










