Yeni əməkhaqqı modeli: Deputat saatlıq maaş sistemindən danışdı
Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov saatlıq əməkhaqqı ilə bağlı qanun layihələrinin hazırlanması istiqamətində işlərin aparıldığını bildirib.
Deputat qeyd edib ki, inkişaf etmiş ölkələrin təcrübəsi saatlıq əməkhaqqı modelinin bir sıra üstünlüklərə malik olduğunu göstərir. Bu sistem əməkdaşların əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarına imkan yaradır. Eyni zamanda, vətəndaşların bir neçə iş yerində çalışması üçün daha geniş imkanlar formalaşır ki, bu da gəlirlərin artmasına müsbət təsir edir.
Vüqar Bayramovun sözlərinə görə, yeni mexanizmin tətbiqi ilə əməkhaqqı aylıq deyil, saatlıq əsasda hesablanacaq. Bu isə vətəndaşların işlədikləri saatların daha dəqiq qiymətləndirilməsinə və nəticədə əməkhaqlarında artımın baş verməsinə səbəb ola bilər. O bildirib ki, saatlıq diferensial yanaşma bir neçə iş yerində fəaliyyət göstərən şəxslərin ümumi gəlirlərini artıran əsas amillərdən biri olacaq.
Deputat əlavə edib ki, beynəlxalq təcrübəyə əsasən, qeyri-iş günlərində və iş saatlarından sonra çalışan şəxslər üçün xüsusi əmsallar tətbiq olunur və bu da onların daha yüksək əməkhaqqı almasına şərait yaradır. Onun fikrincə, bu mexanizmin tətbiqi əmək bazarında şəffaflığın və ədalətin güclənməsinə xidmət edəcək.
Vüqar Bayramov vurğulayıb ki, saatlıq əməkhaqqı sistemində müəyyən meyarlar və minimum ödəniş hədləri də müəyyənləşdiriləcək. Saatlıq minimum əməkhaqqının aylıq minimum əməkhaqqı ilə uyğunlaşdırılması və daha yüksək səviyyədə müəyyən edilməsi nəzərdə tutulur.
Deputatın sözlərinə görə, hazırda yeni mexanizmin hazırlanması prosesi davam edir və son razılaşdırma mərhələsindən sonra tətbiq vaxtı açıqlanacaq. O qeyd edib ki, bu sistemin tətbiqi Azərbaycanda əməkhaqqı sahəsində mühüm yenilik hesab olunur və vətəndaşların əməyinin daha yüksək qiymətləndirilməsinə xidmət edəcək.
Vural









