Zəngəzur dəhlizi Azərbaycanın tranzit gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq – Deputat
Azərbaycanın regionda artan geosiyasi rolu və nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində yeni mərhələ başlayır.
ERAmedia xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, dövlət başçısının çıxışında Ermənistanla sülhdən sonra Orta Dəhlizin genişləndirilməsi və Naxçıvanla birbaşa əlaqənin yaradılması istiqamətində işlərin aparıldığı xüsusi vurğulanıb.
V.Bayramovun sözlərinə görə, İran ətrafında gərginliyin artması regionda geosiyasi riskləri daha da aktuallaşdırır və bu şəraitdə Cənubi Qafqazda yeni iqtisadi və nəqliyyat arxitekturasının formalaşdırılması zərurəti yaranır.
“Regionda yaranan yeni düzən Azərbaycan ilə Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpasını daha da aktuallaşdırır. Bu baxımdan, iki ölkə arasındakı münasibətlərdə əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir”, – deputat bildirib.
O qeyd edib ki, dəhlizin mühüm elementlərindən biri olacaq TRİPP layihəsinin həyata keçirilməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyat əlaqəsinin bərpasına imkan yaradacaq.
Deputatın sözlərinə görə, ötürmə potensialı 15 milyon ton olan Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına mühüm töhfə verəcək və yaxın perspektivdə Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək.
“Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region ölkələrinin də gəlirlərinin artmasına şərait yaradacaq. Qitələr arasında ticarət dövriyyəsinin təxminən 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 faizinin bu dəhliz vasitəsilə daşınacağı halda Azərbaycan yaxın gələcəkdə illik təxminən 3 milyard dollar tranzit gəliri əldə edə bilər. Bu, eyni zamanda sülhün iqtisadi dividendləri deməkdir”, – deyə Vüqar Bayramov vurğulayıb.
Vural









