6000 illik tarix: Şəkər bəşəriyyətin qidalanmasını necə dəyişdi
Bu gün demək olar ki, bütün dünyada gündəlik qida rasionunun ayrılmaz hissəsinə çevrilən şəkər insanlıq tarixində nisbətən gec ortaya çıxıb. Onun kütləvi istehlaka gedən yolu isə uzun, dramatik olub və ticarət, müstəmləkəçilik, eləcə də sənaye inqilabı ilə sıx bağlıdır.
ERAmedia xəbər verir ki, bu barədə “The Conversation” nəşri yazır.
Şəkərin vətəni Papuas–Yeni Qvineya hesab olunur. Təxminən m.ö. 6000-ci illərdə insanlar burada ilk dəfə şəkər qamışını kəşf edərək, onun şirin şirəsini almaq üçün sadəcə çeynəyirdilər. Qamış şirəsinin kristal şəkərə çevrilməsi üsulları isə təxminən m.ö. 500-cü illərdə Hindistanda formalaşmağa başlayıb. Şəkər haqqında ən qədim yazılı qeydlərdən biri m.ö. 510-cu ilə aiddir: fars imperatoru I Dara Hindistana yürüşü zamanı “arı olmadan bal verən qamış”dan bəhs edib.
Şəkər istehsalı texnologiyası eramızın VII əsrindən sonra tədricən İslam dünyası vasitəsilə qərbə doğru yayılıb. Orta əsrlərdə Avropada şəkər nadir məhsul sayılır, ədviyyat kimi çox az miqdarda istifadə olunur və yalnız varlı təbəqə üçün əlçatan idi.
Dönüş nöqtəsi XVI əsrin əvvəllərində baş verdi. Portuqaliyalı müstəmləkəçilər Braziliyada şəkər qamışı plantasiyaları salaraq məhsulu Avropaya ixrac etməyə başladılar. Bu istehsal əsasən qul əməyinə söykənirdi. 1680-ci illərə doğru hollandlar, ingilislər və fransızlar Karib hövzəsində öz şəkər plantasiyalarını yaratdılar.
XVIII–XIX əsrlərdə şəkər xeyli ucuzlaşdı və geniş kütlələr üçün əlçatan oldu. Böyük Britaniyada 1874-cü ildə şəkər vergisinin azaldılması şirin məhsulların adi insanların qida rasionuna daxil olmasına səbəb oldu. Nəticədə adambaşına illik şəkər istehlakı bir neçə kiloqramdan onlarla kiloqrama yüksəldi.
XIX əsrdə alternativ texnologiya, şəkərin çuğundurdan istehsalı da meydana çıxdı. Bu üsul xüsusilə Napoleon müharibələri dövründə dəniz blokadaları səbəbindən qamış şəkərinin idxalı çətinləşəndə böyük əhəmiyyət qazandı. Bu gün Avropada istehlak olunan şəkərin təxminən yarısı çuğundurdan, qalan hissəsi isə şəkər qamışından əldə edilir.
Son bir neçə əsrdə şəkər ekzotik və bahalı məhsuldan kütləvi istehlak edilən ərzağa çevrilib. O, şirin içkilərin, qənnadı məmulatlarının və gündəlik yeməklərin əsas tərkib hissəsinə çevrilsə də, piylənmə, diabet və digər ictimai sağlamlıq problemlərindəki rolu bu gün də geniş müzakirə mövzusudur.
Vüsalə









