media-videoedited
media-17604223736430816629_1200x630
media-shehidler_olmez_baner_full

Oktyabrın 14-də Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

Tədbirdə dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə – hakimlər, vəkillər, hökumət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas-ekspertlər iştirak ediblər.

Konfransda əvvəlcə “Azərbaycanda məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər”ə dair videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev çıxış edərək bildirib ki, demokratik cəmiyyətin əsas təməllərindən biri hüquqi dövlətdir: “Hüquqi dövlət quruculuğunda isə hakimiyyətlərin bölgüsü prinsipinin həyata keçirilməsi əsas şərtdir. Şarl Monteskyenin məşhur “Qanunların ruhu” əsərində qeyd etdiyi kimi məhkəmə hakimiyyəti qanunvericilik və icra hakimiyyətlərindən ayrılmadığı təqdirdə, heç bir azadlıqdan söz gedə bilməz. Müasir konstitusion quruluşun fundamental əsaslarından birini dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına ayrılması təşkil edir. Bu amil təmərküzləşmənin və hakimiyyətdən sui-istifadənin qarşısını alan, insan və vətəndaş hüquq və azadlıqlarının, qanunun aliliyinin və demokratiyanın təminatına xidmət edən zəruri şərtdir. Hakimiyyət bölgüsünü təmin edən əsas element isə hər bir hakimiyyət qolunun malik olduğu səlahiyyətlərdir. Məhz müxtəlif hakimiyyət orqanlarına məxsus səlahiyyətlərin bir-birinə münasibətindən asılı olaraq hakimiyyət bölgüsünün nə dərəcədə düzgün və möhkəm olduğunu müəyyən etmək mümkündür. Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyəti müstəqil hakimiyyət qoludur. Məhkəmələr demokratik və hüquqi dövlətlərdə hüquq və azadlıqlarının, cəmiyyətin təməl dəyərlərinin qoruyucusudur. Əlbəttə ki, hakimiyyətin heç bir qolu təkbaşına mövcud ola bilməz, onlar digər qollarla vəhdətdə mövcud olur. Bu vəhdət onların səlahiyyətlərinin bölgüsünü təmin etməklə yanaşı, hakimiyyətin balanslı idarəçiliyinin həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, çəkindirmə və tarazlaşdırma mexanizmi istənilən dövlət hakimiyyəti orqanları tərəfindən sui-istifadəni istisna edir”.

Ramiz Rzayev vurğulayıb ki, məhkəmə hakimiyyəti əsas tarazlaşdırıcı mexanizm kimi dövlət hakimiyyəti sistemində qanunvericilik və icra hakimiyyətlərinin hüquq çərçivəsində fəaliyyət göstərmələri üçün onların işini istiqamətləndirir, dövlət hakimiyyəti orqanları arasındakı səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll edir: “Maraqlı faktdır ki, konstitusiya mətnlərində və doktrinalarda hakimiyyət bölgüsünü təşkil edən qolları sadalayarkən, məhkəmə hakimiyyəti qanunvericilik və icraedici hakimiyyətdən sonra sadalandığı üçün onu çox vaxt “üçüncü qol” adlandırırlar. Lakin bu, heç bir halda onun əhəmiyyətini və ya hakimiyyətin digər qollarına münasibətdə müstəqilliyini azaltmır. Üstəlik, qanunvericilik və icra hakimiyyətlərinin qarşılıqlı asılılığı parlament və ya prezident respublikası idarəetmə formasından asılı olaraq daha çox, ya da daha az ola bilər. Amma istənilən idarəetmə formasında məhkəmə hakimiyyəti digər qollardan eyni dərəcədə ayrı olur”.

Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında demokratik dövlətdə hakimiyyətlərin bölgüsünü sadəcə bir nəzəriyyə deyil, demokratiyanı canlı saxlayan, təmin edən və vətəndaşları hakimiyyətin bir mərkəzdə təmərküzləşməsindən qoruyan tarazlıq mexanizmi olduğunu deyib: “Hakimiyyət bölgüsü hər şeydən əvvəl təsisatlar haqqında anlayışdır, səlahiyyətlərin bölündüyü, tarazlandığı və məsuliyyət daşıdığı konstitusion qaydanın yaradılması deməkdir. Həmin strukturun sütunlarından biri kimi məhkəmə hakimiyyəti olduqca mühüm rol oynayır. Onun məqsədi qanunu ədalətlə, qorxu və ya üstünlük olmadan tətbiq etmək, eyni zamanda, icraedici və qanunverici hakimiyyət qolları ilə qarşılıqlı hörmətə əsaslanan konstruktiv dialoqu qorumaqdır. Əsl demokratiyada bu qollar rəqib deyil, onlar xidmətdə tərəfdaşdır, hər birinin fərqli vəzifələri var, lakin hamısı eyni məqsədi rəhbər tutur: ədalətin və qanunun aliliyinin qorunması yolu ilə xalqa xidmət etmək. Lakin hakimiyyət bölgüsü təkcə təsisatlarla bağlı deyil. O, həm də fərdlərlə bağlıdır. Hər bir təsisatın arxasında onu idarə edən insanlar dayanır. Həmin təsisatların dürüstlüyü, onları idarə edən və orada xidmət edən şəxslərin dürüstlüyündən doğur. Heç bir qanun, onu tətbiq edənlərin mənəvi gücü və vicdanı ilə idarə olunmasa, həqiqətən ədalətli ola bilməz və heç bir sistem dözə bilməz. Məhkəmə hakimiyyətinin müstəqilliyi bir imtiyaz deyil, bu, şəxsi məsuliyyətdir. Həmin mexanizm vətəndaşları lazımsız mühakimədən qoruyur, hakimiyyətin qanun qarşısında məsuliyyət daşımasını təmin edir və qanunun ədalətə sadiq qalmasına zəmanət verir. Eyni zamanda, həmin məsuliyyət məhkəmə hakimini borcuna, vicdanına və peşə etikasına bağlayır. Bundan əlavə, bu, qərəzsizliyi, yəni ağıl və məntiqi kölgələyən emosiyalardan, simpatiya və antipatiyadan uzaq qərar vermək qabiliyyətini tələb edir. Məhz buna görə də məhkəmə hakimiyyətinin gücü təkcə qanunlarla və təsisatlarla deyil, həm də bu sistemdə xidmət edənlərin xarakteri və iradəsi ilə ölçülür. Çünki məhkəmənin müstəqilliyi məhkəmə zalında deyil, hakimin daxili dürüstlüyündən və mənəvi inamından başlayır. Bugünkü konfrans bizə bu əbədi prinsiplər üzərində düşünmək üçün dəyərli bir fürsət təqdim edir. Bu gün burada toplaşdığımız üçün söhbət təkcə institutlardan deyil, həm də bizdən – hakimlərdən getməlidir. Hakimiyyət bölgüsünün qorunmasında bizim şəxsi rolumuz nədir? Bizim borclarımız nələrdir? Cəmiyyət bizdən nə gözləyir? Bu baxımdan Azərbaycan bu yolda xeyli irəliləyiş əldə edib. Məhkəmə hakimiyyətinin müstəqilliyinin konstitusion qarantı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində dərin və davamlı islahatlar aparılıb. Bu islahatlar məhkəmələri qanunçuluğun keşikçiləri və ədalət mühakiməsinin yekun hakimi kimi gücləndirib. Məhkəmələr sadəcə hökm çıxaran qurumlara deyil, etimad yaradan təsisatlara çevrilib”.

İnam Kərimov vurğulayıb ki, ədalətə gedən yol heç vaxt tamamlanmır: “Qlobal məhkəmə icmasının üzvləri kimi hamımız ciddi çağırışlarla üz-üzəyik. Onların arasında populizm və dezinformasiyanın artması, məhkəmə qərarlarına təsir göstərmək cəhdləri, eləcə də ictimai etimadın möhkəmləndirilməsi zərurəti var. Texnologiyanın, süni intellektin və sosial medianın sürətli inkişafı həm yeni imkanlar, həm də risklər yaradır. İqlim dəyişikliyi isə məhkəmə hakimiyyətinin üzərinə yeni və mürəkkəb öhdəliklər qoyur”.

Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov qeyd edib ki, məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər çox aktual, eyni zamanda, mürəkkəb bir mövzudur: “Hakimiyyət bölgüsü bir konsepsiya kimi sadəcə funksiyaların bölgüsü demək deyil, bu, əslində, cəmiyyətin maraqları əsasında məsuliyyətli yanaşmadır. Bu gün artıq bir hakimiyyət qolu digər hakimiyyət qolu arasında heç bir dominant mövqedə ola bilməz. Tarazlıq pozularsa, bu, xüsusilə məhkəmə hakimiyyətinin müstəqilliyinə zərbə vura bilər. Məhkəmə hakimiyyəti digər qollar arasında münasibətləri, dialoq və əməkdaşlığı ehtiva edir. Həmçinin məhkəmə hakimiyyəti hər hansı lazımsız təmaslardan və dövlət təsirindən azad olmalıdır. Hakimiyyətin üç qolu arasında dialoq qaçılmaz və zəruridir. Bu gün məhkəmə hakimiyyəti bəzən Monteskye qanunlarının ruhunda qeyd olunan formadan da artıq şəkildə fəaliyyət göstərir. Bu gün insan hüquqları ilə bağlı məhkəmələrdə xeyli işlər ortaya çıxır. Hakimlərin masasında belə işlərin sayı çoxdur. Hakimiyyət qolları arasında münasibətlərdən danışırıqsa, bu müasir dövlətin sütunları kimi deyil, bu günün reallığı kimi qəbul edilməlidir. Avropa İnsan Haqları Məhkəməsi hakimiyyət bölgüsünü şübhə altına almayıb. Ancaq hər zaman qarşılıqlı tənzimləmənin əsas olduğu vurğulanıb”.

Beynəlxalq Hakimlər Assosiasiyasının Prezidenti Duro Sessa bildirib ki, məhkəmə hakimiyyətinin Avropa üzrə Şurası 2025-ci ildə Riqa Bəyanatı qəbul edib: “Bu çox mühüm və narahatlıq doğuran bir bəyanat idi. Bəyanata əsasən demək olar ki, Avropada qanunun aliliyi prinsiplərinin ciddi şəkildə pozulması ilə bağlı nümunələr var. Bu, çox geniş vüsət alan faktdır. Avropanın bəzi dövlətlərində məhkəmə hakimiyyəti ilə əməkdaşlıq həyata keçirilmir, məsləhətləşmələr aparılmır. Bu da onları zəruri islahatlardan kənarda qoyur. Bir sözlə, Avropada vəziyyət kifayət qədər ciddidir. Biz bunu etiraf etməli və buna qarşı mübarizə aparmalıyıq. Avropa Şurasında məhkəmə hakimiyyəti ilə bağlı ən birinci sənədlər hakimlərin fəaliyyəti ilə bağlı xartiyadır. Xartiyada qeyd olunur ki, hakimlərin müstəqilliyinin səviyyəsi heç zaman öz hüdudlarından kənara çıxmalı deyil. Yəni, biz məhkəmə hakimiyyətinin müstəqilliyini yüksək səviyyədə təmin etməliyik, lakin o, məlum olan səviyyəni keçməli deyil. Ümumiyyətlə, ədalətli məhkəmə araşdırması hüququ İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsi ilə təmin olunur. Hakimlərin müstəqilliyi azadlığın, insan hüquqlarına hörmətin və qanunun qərəzsiz tətbiqinin təminatı kimi qiymətləndirilməlidir. Hakimin qərarı heç cür bu və ya digər təsirə məruz qala bilməz. Bu, qanuna əsaslanan bir qərardır. Əfv məsələlərinə hətta qanunvericilik və icra hakimiyyəti heç bir müdaxilə edə bilməz. Hakimlərin qərarlarının təfsilatı müstəqil şəkildə həyata keçirilməli hər hansı bir stereotipdən uzaq olmalıdır”.

Beynəlxalq Hakimlər Assosiasiyasının Birinci Vitse-prezidenti və İbero – Amerika Qrupunun Prezidenti Volter Barone deyib ki, hazırda ispandilli Amerika Qrupunda məhkəmə hakimiyyəti ilə bağlı müstəqillik və əməkdaşlıq həssas balansın saxlanılmasında çətinliklərlə üzləşir: “İspandilli ölkələrdə məhkəmə hakimiyyəti ilə bağlı müşahidə edilən gərginliklər var. Bu dövlətlərin Konstitusiyasında məhkəmə hakimiyyətinin müstəqil qol olduğu qeyd edilir. Nəzəriyyədə üç hakimiyyət qolu ahəngdarlıq əsasında fəaliyyət göstərməlidir. Hər birinin limiti var və buna hörmətlə yanaşılmalıdır. Praktikada ispandilli ölkələrdə məhkəmə hakimiyyəti ən zəif hakimiyyət qoluna çevrilib. Latın Amerikasında məhkəmə hakimiyyəti icra və qanunverici orqanların təzyiqinə məruz qalır. Hakimlər, sadəcə, qanunu tətbiq etdiyinə görə hücuma məruz qalırlar. Hakimlər illik danışıqlar aparırlar ki, öz vəsaitlərini əldə edib fəaliyyətlərini icra edə bilsinlər. Hakimlərin təyinatına siyasi təzyiqlərin olması da məhkəmə qərarlarına təsir edir”.

Beynəlxalq Hakimlər Assosiasiyasının vitse-prezidenti və Afrika Qrupunun Prezidenti Marsel Koassi çıxışında Afrika təcrübəsindən danışıb. Bildirib ki, Afrika ölkələrində ədliyyə hakimiyyətinin hesabatı büdcə avtonomluğunu təmin etmiş şəffaf yanaşmanın bariz nümunəsinə çevrilir: “Həmçinin ədliyyə hakimiyyəti tərəfindən təqdim edilən hesabat parlament tərəfindən həyata keçirilən nəzarət mexanizminə töhfə vermiş olur. İstənilən hakim tam sərbəst və azaddır, bu, fundamental keyfiyyətin bir zəmanətidir. Afrikada ədliyyə və digər hakimiyyət qolları arasında əlaqələr sürətlə inkişaf etməkdədir. Çoxtərəfli əməkdaşlıq prioritet olmalıdır. Real demokratiyanın həyata keçirilməsi təkcə ədliyyə hakimiyyətində deyil, digər hakimiyyət bölgülərində baş verməlidir”.

Daha sonra təltifetmə mərasimi keçirilib. Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov və Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Beynəlxalq Hakimlər Assosiasiyasının fəxri medalı ilə təltif olunublar.

Konfransın davamında BMT-nin hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi məruzəçisi professor Marqaret Sattertueyt videomüraciətində qeyd edib ki, hakimiyyətin siyasi qollarının qanunsuz hərəkətləri məhkəmə müstəqilliyinə ən güclü təhdidlərdən biridir. Bu zaman siyasi fəaliyyət və iradə məhkəmə müstəqilliyinin artırılması üçün vacibdir: “BMT-nin İnsan Hüquqları Çərçivəsi dövlətin digər iki qolundan müstəqil olan bir məhkəmə sisteminin mövcudluğunu tələb edir. İnsan hüquqlarının və daha geniş mənada demokratiyanın müdafiəsi üçün üç mühüm ilkin şərt var: qanunun aliliyinə, hakimiyyət bölgüsünə və məhkəmə sisteminin funksiyasına və müstəqilliyinə hörmət. Əgər hakimlər müstəqil deyillərsə, onlar qanunu güclü siyasi aktorlara bərabər tətbiq etməkdə və ya hökumətin təzyiqi qarşısında fundamental demokratik hüquqları müdafiə etməkdə çətinlik çəkə bilərlər. Struktur və funksional olaraq siyasi qurumlardan asılı olan ədliyyə sistemləri daha çox siyasi müdaxilə və hətta ələkeçirilmə riski altındadır. Beləliklə, BMT nöqteyi-nəzərindən məhkəmə sisteminin digər dövlət səlahiyyətlərindən struktur və funksional müstəqilliyi necə təmin edilə bilər? İnsan Hüquqları Komitəsi bu struktur tələblərdən bəzilərini qeyd edərək vurğulayıb ki, daxili qanunvericilik ədliyyə işçilərinin təyin edilməsi, mükafatlandırılması, vəzifədə qalması, yüksəldilməsi, fəaliyyətinin dayandırılması və vəzifədən azad olunması, habelə onlara qarşı tətbiq edilən intizam tənbehləri üçün aydın prosedurlar və obyektiv meyarlar müəyyən etməlidir. Müvafiq qaydada seçilmiş icra və ya qanunvericilik orqanı daxili hüquqi strukturları prosesdə bütün konstitusiya və ya qanuni tələblərə, o cümlədən beynəlxalq insan hüquqları hüququ ilə müəyyən edilmiş tələblərə cavab verərsə dəyişə bilər. Bununla belə, müstəqil və qərəzsiz məhkəmədə olan mütləq hüquq qalır və heç bir istisnaya məruz qala bilməz”.

Daha sonra sual-cavab sessiyası təşkil olunub.

Sessiyadan sonra Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov beynəlxalq konfransa yekun vurub.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər