Bu iddia Trampın başına bəla oldu
ABŞ ilə İran arasında son günlər yaşanan hərbi gərginlik fonunda ABŞ-ın uzaqmənzilli raket və hava hücumundan müdafiə sursatı ehtiyatlarının azaldığı barədə iddiaların Pentaqonla Ağ Evi üz-üzə gətirdiyi irəli sürülüb.
ERAmedia xəbər verir ki, “Washington Post” qəzetinin adları açıqlanmayan iki mənbəyə istinadən yaydığı məlumata görə, ötən həftə ABŞ prezidenti Donald Tramp ilə müdafiə naziri Pit Heqset arasında Camp David iqamətgahında keçirilən görüşdə sursat ehtiyatları ilə bağlı gərgin müzakirə baş verib.
Məlumata əsasən, Tramp uzaqmənzilli idarəolunan raketlər və hava hücumundan müdafiə üçün nəzərdə tutulan raketlərin ehtiyatında ciddi azalma ilə bağlı Heqsetdən izahat istəyib.
Xəbərdə bildirilir ki, ABŞ-ın uzaqmənzilli raket və hava hücumundan müdafiə sursatı ehtiyatlarının azalması Tramp administrasiyasının İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyatları hələlik təxirə salmasında mühüm rol oynayıb. İddiaya görə, Vaşinqton bu mərhələdə hərbi variantlardan daha çox Tehranla yenidən danışıqların aparılmasına üstünlük verir.
Sözügedən məlumatların ictimaiyyətə açıqlanmasından sonra həm Ağ Ev, həm də Pentaqon ardıcıl bəyanatlar yayaraq iddiaların “tamamilə yalan və uydurma” olduğunu bildirib.
Məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp da sosial media hesabında paylaşım edərək ölkəsinin kifayət qədər hərbi sursat ehtiyatına malik olmadığı barədə iddiaları rədd edib.
“ABŞ-ın, xüsusilə də müəyyən növ sursatlardan çox böyük ehtiyatı var”, – deyə Tramp bildirib.
ABŞ lideri qeyd edib ki, müdafiə sənayesi şirkətləri ölkə tarixində ən çox sayda zavod və istehsal müəssisəsi inşa edir.
“ABŞ-ın, xüsusilə müəyyən növ sursatlardan çox böyük ehtiyatı var. Bundan əlavə, ehtiyac yarandıqca böyük həcmdə sursat istehsal olunur və ölkəyə çatdırılır. Bu xəyanət xarakterli məlumatları sızdıran şəxslər müəyyən edilir. Onlar üçün uzunmüddətli həbs cəzaları tələb olunacaq”, – deyə Tramp vurğulayıb.
Vüsalə










