Ədliyyə Nazirliyi: Qanunsuz ödənişlərə aldanmayın
Son dövrlərdə özlərini Ədliyyə Nazirliyinin struktur qurumlarının əməkdaşı kimi təqdim edən şəxslərin bələdiyyə üzvlərinə zəng edərək müxtəlif adlar altında ödənişlər tələb etməsi hallarına rast gəlinir.
ERAmedia xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı fəaliyyəti onların işinin təşkilinə kömək etmək, metodoloji yardım göstərmək və inzibati nəzarəti həyata keçirməkdən ibarətdir. Bu sahədə fəaliyyətlə bağlı nazirliyə dövlət rüsumunun və ya hər hansı digər adda vəsaitin ödənilməsi nəzərdə tutulmayıb və bələdiyyələrə belə tələblər irəli sürülmür.
“Bələdiyyələrin vəzifəli şəxslərinə diqqətli olmaq, şübhəli zənglərə və mesajlara, eləcə də digər üsulla irəli sürülən bu cür qanunsuz ödəniş tələblərinə inanmamaq tövsiyə olunur”, – deyə məlumatda bildirilir.










