Folklor İnstitutunda Zəfər Günü qeyd olunub

AMEA Folklor İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər yaddaşı: qəhrəmanlıq, qürur və milli kimlik” mövzusunda elmi-mədəni tədbir keçirilib.
ERAmedia xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Folklor İnstitutu Folklor studiyasının hazırladığı “44 günün Zəfər dastanı” sənədli filmi nümayiş olunub.
Tədbiri giriş nitqi ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev açaraq, ilk növbədə, tədbirdə iştirak edən Vətən müharibəsi qəhrəmanı Cavid Behbudovu və Qarabağ qazisi Süleyman Heydərovu salamlayıb, onların timsalında Vətən uğrunda döyüşmüş insanlara ehtiramını ifadə edib.
Hikmət Quliyev Zəfər Gününün Azərbaycan dövlətçiliyi və xalqımızın tarixi yaddaşı baxımından əhəmiyyətinə toxunaraq bildirib ki, 2020-ci ildə qazanılan tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən mühüm tarixi hadisədir. Bu Qələbə, eyni zamanda, təxminən otuz il davam edən işğalın xalqımızın ictimai şüurunda və milli yaddaşında yaratdığı ağır mənəvi yükün aradan qaldırılması baxımından yeni mərhələnin başlanğıcı olub.
İnstitut direktoru qeyd edib ki, tarixi Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətinin, məqsədyönlü hərbi-siyasi strategiyanın, Azərbaycan Ordusunun peşəkarlığının və xalq-dövlət birliyinin məntiqi nəticəsidir. Bu Qələbənin təməlində şəhidlərin fədakarlığı, qazilərin qəhrəmanlığı və hərbi qulluqçuların döyüş əzmi dayanır. O, şəhidlərin xatirəsinin yaşadılmasının və onların həyat yolunun gələcək nəsillərə çatdırılmasının milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərin hər qarışının şəhidlərin qanı bahasına əldə olunduğunu bildirən Hikmət Quliyev həmin torpaqlarda yaşamağın və fəaliyyət göstərməyin həm də tarixi Zəfərin mənəvi dəyərini dərk etmək, onu qorumaq və gələcək nəsillərə ötürmək məsuliyyəti daşıdığını söyləyib. Onun sözlərinə görə, döyüş meydanında nümayiş etdirilən cəsarət, intizam, ayıq-sayıqlıq və Vətənə sədaqət sülh dövründə də elmi, ictimai və vətəndaşlıq fəaliyyətində öz əksini tapmalıdır.
Hikmət Quliyev Azərbaycanın müharibədən sonra sülh gündəliyini irəli sürdüyünü, regionda yeni siyasi reallıqların formalaşdığını diqqətə çatdırıb. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu qeyd edib. Xankəndidə keçirilən Zəfər paradını isə Azərbaycanın öz suverenliyini bütün ərazisində təmin etməsinin və yeni tarixi reallığın rəmzi ifadəsi kimi səciyyələndirib.
İnstitut direktoru vurğulayıb ki, Zəfərdən sonrakı dövrdə milli maraqların qorunması, tarixi yaddaşın yaşadılması, informasiya və ideoloji müstəvidə baş verən proseslərə ayıq-sayıq münasibət göstərilməsi xüsusi aktuallıq kəsb edir. Şəhidlərin xatirəsinə ehtiram yalnız anım mərasimlərində deyil, elmi araşdırmalarda, ictimai düşüncədə və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında da yaşadılmalıdır.
Daha sonra Vətən müharibəsi qəhrəmanı Cavid Behbudov çıxış edərək müharibə iştirakçısı kimi şəxsi təcrübəsindən, Vətən uğrunda mübarizədən və qazilərin müharibədən sonrakı həyatından danışıb. O, tədbirin təşkilinə və sənədli filmin hazırlanmasına görə əməyi keçənlərə təşəkkürünü bildirib.
Uşaqlıq illərindən Vətən torpaqlarının işğalı ilə bağlı keçirilən anım tədbirlərində iştirak etdiyini söyləyən Cavid Behbudov Xocalı soyqırımı, 20 Yanvar faciəsi və işğal tarixlərinin onun dünyagörüşünün formalaşmasına təsir göstərdiyini bildirib. Məhz həmin illərdə formalaşan Vətən sevgisinin və torpaqlarımızı azad görmək arzusunun onu hərbçi olmağa yönəltdiyini qeyd edib. VIII sinifdən sonra hərbi liseyə daxil olduğunu, sonradan xüsusi təyinatlı qüvvələrdə xidmət etmək üçün müvafiq hazırlıq keçdiyini və kursu birinciliklə başa vurduğunu diqqətə çatdırıb.
Hərbi xidmətin yüksək hazırlıq, peşəkarlıq və məsuliyyət tələb etdiyini vurğulayan Cavid Behbudov hər bir hərbçinin, xüsusilə də xüsusi təyinatlı qüvvələrdə xidmət edən şəxsin silahdaşlarının həyatı qarşısında daşıdığı məsuliyyətdən danışıb. O, Vətən müharibəsi zamanı qarşılaşdığı çətinlikləri və döyüş yoldaşları ilə bağlı xatirələrini bölüşüb.
Çıxışında müharibə zamanı şəhid olmuş silahdaşlarını da yad edən Cavid Behbudov tarixi Qələbənin əldə olunmasında ən böyük payın şəhidlərə məxsus olduğunu bildirib. Şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa diləyib.
Tədbirdə Qarabağ qazisi Süleyman Heydərov da çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixindəki yeri və milli qürurun bərpasındakı rolundan danışıb. O, tarixi Qələbənin yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də xalqımızın özünəinamının və milli qürurunun bərpası baxımından mühüm hadisə olduğunu diqqətə çatdırıb.
Birinci Qarabağ müharibəsinin ağır nəticələrini xatırladan Süleyman Heydərov həmin dövrdə Azərbaycanın böyük itkilər verdiyini, torpaqlarının işğal olunduğunu və insanların ağır faciələrlə üzləşdiyini bildirib. Atasının da Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu qeyd edən qazi iki müharibə arasında tarixi və mənəvi bağlılığa diqqət çəkib. Onun sözlərinə görə, 44 günlük müharibədə əldə olunan Qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətini nümayiş etdirməklə yanaşı, xalqımızın milli qürurunu da bərpa edib.
Qələbənin əldə olunmasında hərbi güclə yanaşı, dövlətin ardıcıl diplomatik fəaliyyətinin və xalq-dövlət birliyinin də mühüm rol oynadığını qeyd edən Süleyman Heydərov Prezident İlham Əliyevin beynəlxalq müstəvidə həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıb. O, müharibə dövründə cəmiyyətin müxtəlif təbəqələrinin – yaşlıların, gənclərin və məktəblilərin dövlət və ordu ətrafında birləşməsini milli həmrəyliyin bariz nümunəsi kimi dəyərləndirib.
Süleyman Heydərov, həmçinin hərbi xidmətindən və ixtisasından bəhs edərək partlayıcı maddələrin və qurğuların zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərdiyini bildirib. Müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatlarla bağlı təhlükələrin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Ağdam rayonunda xidməti fəaliyyəti zamanı mina partlayışı nəticəsində görmə qabiliyyətini və bədəninin bir hissəsini itirdiyini qeyd edib.
Daha sonra şəhid mayor Vüsal Vəliyevin qardaşı, Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev çıxış edərək qardaşının həyat və hərbi xidmət yolundan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb. O bildirib ki, 1988-ci ildə Şərur rayonunun Dizə kəndində anadan olan Vüsal Vəliyev VIII sinifdən hərbi təhsil almağa başlayıb, Naxçıvandakı hərbi liseyi və Bakıdakı Hərbi Akademiyanı bitirib. 2012-ci ildə xüsusi təyinatlı qüvvələr üzrə kursu başa vurub, hərbi xidmət dövründə nümunəvi fəaliyyəti və xidmətlərinə görə müxtəlif medallarla təltif olunub.
Qardaşı ilə müharibədən əvvəlki son görüşünü xatırladan Əpoş Vəliyev onun gələcək nəsillərin müharibə görməməsini arzuladığını qeyd edib. Şəhid ailəsi olaraq qürurla yanaşı, kədər və həsrət yaşadıqlarını bildirən natiq işğaldan azad edilmiş torpaqların bu ağrını müəyyən qədər yüngülləşdirdiyini vurğulayıb.
Əpoş Vəliyev şəhidlərin və qazilərin həyat yolunun məktəblərdə və universitetlərdə gənc nəslə tanıdılmasının, onların qəhrəmanlıq tarixinin ictimai yaddaşda yaşadılmasının vacibliyini qeyd edib.
Tədbirdə, həmçinin Folklor İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova və Folklor studiyasının rəhbəri Mahir Ordubadi çıxış ediblər. Onlar Zəfər Gününün tarixi yaddaşımızdakı yeri, Vətən müharibəsinin Azərbaycan cəmiyyətində yaratdığı dəyişikliklər və qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Sonda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Vətən müharibəsi iştirakçılarına minnətdarlıq ifadə olunub.










