media-7124a9fb-54ce-4b5b-b215-c8cb23b0a2b1

Rusiya və Ukraynada hava hücumu xəbərdarlığı sistemlərinə saxta nüvə və kimyəvi hücum təhdidləri göndərilməsi ciddi təşvişə səbəb olub.

ERAmedia xəbər verir ki, hər iki ölkənin rəsmiləri kiberhücumlar barədə məlumat yayıblar. Hadisələr fonunda dünya üzrə fövqəladə vəziyyətlərə hazırlıq məsələsi yenidən gündəmə gəlib. Böyük Britaniya, Fransa və Yaponiya da daxil olmaqla, 33 ölkə vətəndaşlarına mümkün böhranlara qarşı zəruri ehtiyatları əvvəlcədən hazırlamaq çağırışı edib.

Ukrayna Hərbi Hava Qüvvələri bazar günü gec saatlarda “Air Alert” tətbiqi vasitəsilə Kiyev və ətraf ərazilərdə saxta nüvə və kimyəvi hücum xəbərdarlıqlarının yayıldığını açıqlayıb. Mesajlarda mümkün küçə toqquşmalarından və Rusiyanın “Oreşnik” hipersəs raketindən də bəhs edilib.

Ukrayna Hərbi Hava Qüvvələri Telegram kanalında yaydığı açıqlamada bildirib:

“Xəbərdarlıq tətbiqi düşmən təsirinə məruz qalmış kimi görünür. Radiasiya təhlükəsi yoxdur! Sakit olun və kanalımızdakı yenilikləri izləyin”.

Ukraynanın Strateji Kommunikasiya Mərkəzi saxta mesajlardan birinin rus dilində yayımlanmasına diqqət çəkərək hadisəyə görə Rusiyanı məsul tutub. Bildirilib ki, Kiyev üçün nəzərdə tutulan ayrıca xəbərdarlıq tətbiqi isə normal fəaliyyət göstərib.

Ukraynadakı hadisədən bir neçə saat sonra Rusiyanın Fövqəladə Hallar Nazirliyi də xəbərdarlıq sisteminin kütləvi kiberhücuma məruz qaldığını açıqlayıb. Nəticədə istifadəçilərə yaxınlaşan pilotsuz uçuş aparatlarının hücumu ilə bağlı yanlış bildirişlər göndərilib.

Saxta mesajlarda “P1-Suns (Ukrayna PUA-ları) üzərinə quraşdırılmış nüvə başlıqları ölkənin bütün bölgələrinə buraxılıb” ifadələrindən istifadə olunub. Vətəndaşlara üç həftəlik ərzaq ehtiyatı toplamaq və sığınacaqlarda gizlənmək barədə göstərişlər də verilib.

Rusiya və Ukraynada baş verən bu hadisələr dünyada fövqəladə vəziyyətlərə hazırlıq çağırışlarının artdığı bir vaxta təsadüf edib. Böyük Britaniya, Fransa, Yaponiya və Avropa Komissiyası da daxil olmaqla, bir sıra ölkə və qurumlar əhalini mümkün böhranlara hazır olmağa çağırır.

Böyük Britaniya “Hazır ol” kampaniyası çərçivəsində ailələrə ən azı 72 saat ərzində öz əsas ehtiyaclarını müstəqil şəkildə qarşılaya biləcək vəziyyətdə olmağı tövsiyə edir.

Fransanın yayımladığı rəsmi təlimatda da üç günlük fövqəladə vəziyyət çantası hazırlanması məsləhət görülür. Avropa Komissiyası isə vətəndaşlara ən azı 72 saatlıq ehtiyacları ödəyəcək zəruri ləvazimatları ehtiyatda saxlamağı tövsiyə edir.

Northeastern Universitetinin dayanıqlılıq üzrə professoru Deniel Oldriç baş verənləri bir-biri ilə üst-üstə düşən böhranların yaratdığı yeni vəziyyət kimi qiymətləndirib.

Oldriç bildirib:

“Biz böhranlar dövründən keçirik. Artıq şoklar bir-birinin ardınca deyil, eyni vaxtda baş verir. Bir fırtına elektrik enerjisini kəsir, bu kəsinti ödəniş sistemlərini sıradan çıxarır, ardınca isə kiberhücum hər iki problemin üzərinə əlavə olunur”.

Professor hökumətlərin vətəndaşlara ünvanladığı mesajların da dəyişdiyini vurğulayıb:

“Onilliklər ərzində mesaj belə idi: Bizə zəng edin, gələcəyik. İndi isə mesaj budur: Biz gələcəyik, amma ilk növbədə siz özünüz tab gətirməlisiniz”.

Fövqəladə vəziyyət üçün hansı ehtiyatlar hazırlanmalıdır?

Müxtəlif ölkələrin hazırladığı təhlükəsizlik təlimatlarında əsas ehtiyaclar, demək olar ki, eynidir:

İçməli su və uzun müddət xarab olmayan ərzaq məhsulları;

Əsas dərman vasitələri və ilk yardım çantası;

Fənər və ehtiyat batareyalar;

Batareya ilə işləyən və ya əl ilə qurulan radio;

Telefon üçün enerji adapteri və portativ enerji yığma cihazı (powerbank);

Müəyyən miqdarda nağd pul.

Bundan əlavə, uşaqların, yaşlıların, ev heyvanlarının və müntəzəm dərman qəbul etməli olan şəxslərin xüsusi ehtiyaclarının da nəzərə alınması tövsiyə edilir.

Ehtiyat ləvazimatlarının asanlıqla əldə edilə bilən yerdə saxlanılması, məhsulların son istifadə tarixlərinin mütəmadi yoxlanılması da vacib hesab olunur. Böhran zamanı isə rəsmi təxliyə və sığınacaq göstərişlərinə əməl edilməsi tövsiyə edilir.

Beləliklə, Rusiya və Ukraynada saxta nüvə hücumu xəbərdarlıqları ilə bağlı yaşanan hadisələr fonunda dünyada mümkün fövqəladə vəziyyətlərə hazırlıq məsələsi yenidən diqqət mərkəzinə düşüb.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər