media-17936907241511760163_1200x630

Fransada prefekturalar əhalini mümkün böyük böhranlara hazırlıqlı olmağa çağıraraq, 72 saatlıq fövqəladə hallar çantasının vacibliyini yenidən gündəmə gətirib.

ERAmedia xəbər verir ki, ölkə hakimiyyəti vətəndaşlara evdə və ya asanlıqla götürülə bilən çantada ən azı üç gün müstəqil yaşamaq üçün zəruri ehtiyatlar saxlamağı tövsiyə edir. Bu, fövqəladə vəziyyətdə əhalinin təcili təxliyəsi və ya xilasedicilər gələnədək evdə qalmaq göstərişi veriləcəyi hallar üçün nəzərdə tutulub. Bununla belə, sosial şəbəkələrdə bəzi istifadəçilər bu çağırışların narahatlıq yaratdığını bildirirlər.

Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, çantada batareyalı radio, ilk tibbi yardım dəsti, uzun müddət saxlanıla bilən ərzaq, isti geyim, fənər, əsas dərmanlar, nağd pul, içməli su və vacib sənədlərin surətləri olmalıdır. Hökumətin dayanıqlılıqla bağlı məlumat broşüründə isə hər bir vətəndaşın həm özünün, həm də ölkənin təhlükəsizliyinə töhfə verməli olduğu vurğulanır. Qeyd olunur ki, bu hazırlıq çağırışları Avropada və Yaxın Şərqdə müharibələr, ekstremal iqlim hadisələri, pandemiyalar, enerji böhranı və ticarət gərginliklərinin artdığı bir dövrlə əlaqədardır.

Bununla yanaşı, Normandiya və Sena-Dəniz prefekturalarından bildiriblər ki, 72 saatlıq fövqəladə hallar çantası ilə bağlı maarifləndirmə kampaniyası hər il oktyabrın 13-də keçirilən Milli Dayanıqlılıq Gününün davamıdır. Onların sözlərinə görə, mövcud geosiyasi vəziyyət risklərə hazırlaşmağın yeganə səbəbi deyil.

Brötany departamentində də yüzdən çox kommunanı əhatə edən məlumatlandırma kampaniyası həyata keçirilib. Burada əsas diqqət iqlim dəyişikliyinin nəticələrinə, fırtınalara, daşqınlara və elektrik enerjisinin tez-tez kəsilməsinə yönəldilib. Departament prefekturasının nümayəndəsi Kristof Kirqo deyib ki, əvvəlcədən hazırlıqlı olmaq xilasedicilər gələnədək insanların daha təhlükəsiz şəraitdə qalmasına imkan verir.

Qeyd edək ki, 72 saatlıq ehtiyat hazırlamaq tövsiyəsi Fransa ilə məhdudlaşmır. Avropanın bir sıra digər ölkələri də fövqəladə vəziyyətdə xilasedicilər gələnədək əhalinin müstəqil ehtiyaclarını qarşılaya bilməsi üçün oxşar çağırışlar edir.

İsveç, Norveç və Estoniya əhaliyə bir həftəlik ehtiyat saxlamağı, Almaniya isə on gündə kifayət edəcək ərzaq və digər zəruri vasitələr hazırlamağı tövsiyə edir. Böyük Britaniya hökuməti də “Be Ready” kampaniyası çərçivəsində əhaliyə evdə üç günlük içməli su və uzun müddət saxlanılabilən ərzaq ehtiyatı saxlamağı məsləhət görüb.


media-adspc

Bənzər xəbərlər