media-1f5186fc-c2c7-4ac5-94f1-6e25eaac8942-1

Azərbaycan xalqı öz mütəfəkkirlərinə yetərincə qiymət verə bilməyib.

Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyli və digər görkəmli şəxsiyyətlərin yaradıcılığını hələ də tam dərk edə bilməmişik.

Onun sözlərinə görə, sonuncu nəsil mütəfəkkirlərdən biri olan professor Qorxmaz Quliyevin elmi və ədəbi yaradıcılığı Azərbaycan ədəbiyyat və fəlsəfə xəzinəsinə misilsiz töhfədir. Xüsusilə müəllifin sonuncu kitabı olan “Güzgü” məqalələr toplusu öz elmi-fəlsəfi məzmunu və analitik yanaşması ilə diqqəti cəlb edir.

Etibar Əliyev hesab edir ki, bu kitab filosofların, filoloqların və ümumilikdə humanitar elmlərlə məşğul olan tədqiqatçıların stolüstü kitabına çevrilməlidir.

O, Qorxmaz Quliyevin kitabında güzgü fenomeninə yanaşmasını xüsusi vurğulayıb:

“Qorxmaz Quliyev yazır: ‘Güzgü ilk öncədən insan şüurunun formalaşmasında mühüm rol oynamışdır. Bu həqiqəti ən azı iki misalla sübuta yetirmək olar: məlumdur ki, ibtidai insan dünyanı magiya vasitəsilə özününküləşdirmişdir; son dərəcə rəngarəng güzgü effekti magik proseslərin həyata keçirilməsində aparıcı elementlərdən biri olmuşdur. İkincisi, müxtəlif canlıların – heyvanların və insanların güzgüdə öz əkslərinə, şəkillərinə münasibəti kardinal tərzdə fərqlənir: heyvan güzgüdə özünü tanımır, yırtıcılar isə öz əkslərini ərazilərinə soxulmuş rəqib hesab edirlər və onunla savaşıb məhv etməyə can atırlar.’”

Təhsil eksperti qeyd edib ki, “Güzgü” məqalələr toplusu çağdaş ədəbiyyatşünaslığın və dilçilik araşdırmalarının mühüm nümunələrindən biridir. Toplu müəllifin analitik düşüncə tərzini, dərin elmi yanaşmasını və geniş dünyagörüşünü əks etdirir, oxucunu həm nəzəri, həm də praktik müstəvidə düşünməyə sövq edir.

Onun fikrincə, kitabın əsas üstünlüklərindən biri müəllifin müxtəlif mövzulara müraciət edərək onları hərtərəfli təhlil etməsi və müasir elmi diskursla əlaqələndirməsidir. Qorxmaz Quliyevin dilin semantik qatlarına nüfuz etmək bacarığı oxucu qarşısında yeni intellektual üfüqlər açır.

Etibar Əliyev vurğulayıb ki, “Güzgü” yalnız məqalələr toplusu kimi deyil, həm də düşüncələrin əksi, intellektual axtarışların və elmi təfəkkürün ifadəsi kimi dəyərləndirilməlidir.

“Belə əsərlərin dəyərinin vaxtında anlaşılması və müəlliflərinin elmi irsinin daha geniş auditoriyaya çatdırılması vacibdir. Öz mütəfəkkirlərimizi tanımaq, onların yaratdığı intellektual irsi öyrənmək və gələcək nəsillərə ötürmək milli düşüncəmizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır”, – deyə Etibar Əliyev bildirib.

Vural


media-adspc

Bənzər xəbərlər