media-1637415266_ermenistan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Cənubi Qafqazda sülhün konkret addımlarla möhkəmləndirilməli olduğu barədə bəyanatı rəsmi İrəvanın real fəaliyyəti fonunda ciddi suallar doğurur.

ERAmedia-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Deputat qeyd edib ki, Vaşinqton anlaşmasından sonra atılan addımlar Azərbaycanın sülh təşəbbüsünün müəllifi olmaqla yanaşı, onun möhkəmləndirilməsi istiqamətində də konkret fəaliyyət göstərdiyini ortaya qoyur.

Onun sözlərinə görə, Azərbaycan öz dəmir yolu vasitəsilə Ermənistana yüklərin daşınmasına şərait yaradıb, hazırda isə yanacaq qıtlığının yaşandığı bir vaxtda həmin ölkəyə neft məhsulları göndərir.

Sahib Alıyev bildirib ki, Ermənistanın bu müddət ərzində üzərinə götürdüyü öhdəliklərin, o cümlədən TRIPP layihəsi ilə bağlı görülməli işlərin gecikdirilməsindən başqa hansı konkret addımları atdığı sual doğurur.

Deputat Ermənistanın sülh ritorikası ilə ziddiyyət təşkil edən başqa bir məqama da diqqət çəkib. O bildirib ki, noyabrın 25-də İrəvanda Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin, eləcə də İrəvan Meriyasının maliyyə dəstəyi ilə çəkilən “Monte” bədii filminin premyerası planlaşdırılır.

Sahib Alıyevin fikrincə, ASALA terror təşkilatının rəhbərlərindən biri olmuş, Avropada türk diplomatlarına və mülki obyektlərə qarşı törədilmiş çoxsaylı terror aktlarının təşkilində iştirak etmiş Monte Melkonyanın qəhrəman obrazında təqdim olunması sülhə xidmət etmir.

Deputat vurğulayıb ki, Melkonyanın Xocavənd rayonunun Qaradağlı kəndində törədilmiş qətliamda, Azərbaycan torpaqlarının işğalında, qadın və uşaqların qətlə yetirilməsində iştirakına dair iddialar fonunda onun haqqında bədii film çəkilməsi və qəhrəmanlaşdırılması xüsusilə qəbuledilməzdir.

O xatırladıb ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 28-də parlamentdəki çıxışında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Monte Melkonyanın törətdiyi vəhşiliklərə görə Ermənistanı və erməni cəmiyyətini üzr istəməyə çağırmasının sülhə xidmət etmədiyini bildirmişdi.

Sahib Alıyev hesab edir ki, qonşularına qarşı uzun illər ərzində törədilmiş vəhşiliklərə görə indiyədək heç bir səviyyədə üzr istənilməməsi, üstəlik, həmin cinayətlərin təşkilatçılarından birinin qəhrəman kimi təbliğ edilməsi Ermənistanın sülhə səmimi münasibəti ilə bağlı ciddi şübhələr yaradır.

Deputatın fikrincə, keçmişin qanlı hadisələri ilə üzləşmədən, törədilmiş cinayətlərə siyasi və mənəvi qiymət vermədən, terrorçuları qəhrəmanlaşdırmaqdan imtina etmədən regionda davamlı sülhün qurulması mümkün deyil.

Vüsalə


media-adspc

Bənzər xəbərlər