BMT yeni sığorta proqramı yaradıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) təbii fəlakətlər baş verməzdən əvvəl risk altında olan ailələrə və icmalara yardım göstərmək məqsədilə yeni sığorta proqramı təsis edib. Proqram çərçivəsində əlavə 40 milyon dollaradək maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.
ERAmedia xəbər verir ki, təşəbbüsə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi rəhbərlik edir. Proqram UNICEF və Ümumdünya Ərzaq Proqramı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Yeni mexanizm təbii fəlakətlərin başvermə ehtimalı ilə bağlı proqnozlar yarandıqda əhaliyə qabaqlayıcı humanitar yardım göstərilməsi üçün əlavə maliyyə təminatı yaradacaq. Belə ki, ayrılmış vəsaitə tələbat razılaşdırılmış həddi keçdikdə sığorta şirkətləri əlavə maliyyə resursları təqdim edəcəklər. Bu, humanitar təşkilatlara fəlakət baş verməzdən əvvəl daha çox insana yardım göstərməyə imkan verəcək.
Sığorta təminatının strukturlaşdırılması və təşkili “Gallagher Re” şirkətinə həvalə olunub. “Liberty Mutual” isə əsas sığortaçı qismində çıxış edir. Fəlakətlərdən Müdafiə Mərkəzi təşəbbüsə müstəqil texniki məsləhətlər verib.
BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Tom Fletçer bildirib ki, yeni proqram vəziyyət ağırlaşmadan daha çox insanın müdafiəsi üçün əlavə təminat yaradır və mövcud maliyyə resurslarından daha səmərəli istifadə olunmasına şərait yaradır. O vurğulayıb ki, fəlakətlər qurumların hazırlıq görməsini gözləmir, buna görə də qabaqlayıcı tədbirlər görülməsi vacibdir.
Qeyd edək ki, qabaqlayıcı humanitar yardım ailələrə təbii fəlakətlər baş verməzdən əvvəl ərzaq və digər zəruri ehtiyaclarını təmin etmək, əmlaklarını qorumaq və ya təhlükəsiz ərazilərə köçmək üçün maliyyə dəstəyi göstərilməsini nəzərdə tutur.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin qabaqlayıcı tədbirlər portfelinin ümumi dəyəri 150 milyon dollardır və bu mexanizm 5 milyondan çox insanı əhatə edir. Yeni sığorta proqramı eyni vaxtda bir neçə bölgədə təbii fəlakətlərin baş verdiyi hallarda bu maliyyə vəsaitinin qorunmasına, eləcə də fövqəladə illərdə idarənin əlavə maliyyə yükünün azaldılmasına xidmət edəcək. Bununla da, qabaqlayıcı yardımın əhatə dairəsinin genişləndirilməsi və daha çox icmaya çatdırılması mümkün olacaq.










