İstanbulda Heydər Əliyev parkının sökülməsi iddiaları dezinformasiyadır - AÇIQLAMA
“Türkiyənin İstanbul şəhərində, Şişli rayonu ərazisində yerləşən Heydər Əliyev parkındakı büstün götürüləcəyi və parkın sökülərək yerində mədəniyyət mərkəzinin tikiləcəyi barədə yayılan məlumatlar əsassızdır”.
ERAmedia xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin “X” hesabındakı paylaşımında bildirilir.
Qeyd edilib ki, Şişli bələdiyyəsi sözügedən ərazi ilə bağlı hər hansı iş aparmır və belə bir layihə də gündəmdə deyil.
Açıqlamada Azərbaycan və Türkiyə – iki dost və qardaş ölkə arasındakı münasibətləri hədəf alan, ictimaiyyəti yanıltmağa yönəlmiş təxribat xarakterli və dezinformasiya məzmunlu iddialara inanmamağa çağırış edilib.









