Mirliva və altı dəftər - İbrahim Nəbioğlu yazır...
Karlovı Varıda bir türk generalının da izi qalıb. Bu iz mənim üçün xüsusilə maraqlıdır. Böyrək xəstəliyindən əziyyət çəkən mirliva* Mustafa Kamal Paşa 1918-ci ilin yayında müalicə üçün Vyanaya yollanmışdı. Bir müddət orada qaldıqdan sonra həkimlərin tövsiyəsi ilə Karlsbada üz tutdu. İyunun 30-u axşamı şəhərə çatdı və iyulun sonunadək burada qaldı.O zaman “Rudolfs Hof” adlanan binada (günümüzdə Carlsbad Plaza) yerləşmişdi. Binanın divarından o səfəri xatırladan bir lövhə asılıb bu gün.
Şəhər hələ Avstriya-Macarıstan imperiyasının tərkibində idi. Birinci Dünya müharibəsinin son yayı idi. Osmanlı ilə Avstriya-Macarıstan hələ müttəfiq idilər, lakin qarşıdakı payız hər iki imperiyaya məğlubiyyət gətirəcəkdi. Kolonnadaların altında çini fincanla gəzən o zabit isə hələ bilmirdi ki, bir gün dağılan Osmanlı imperiyasının yerində yeni bir dövlət quracaq.
Mustafa Kamalın Karlsbad günləri yalnız müalicə ilə keçmirdi. Həkimi doktor Vermer onun üçün xüsusi müalicə proqramı hazırlamışdı: mineral sular, palçıq vannaları, istirahət və gündəlik gəzintilər. Ancaq paşa vaxtını təkcə müalicəyə sərf etmirdi. Fransız və alman dillərini təkmilləşdirmək üçün dərslər alır, fransızca kitablar oxuyur, şəhərdəki türk ailələri ilə görüşür, Osmanlı imperiyasının gələcəyi haqqında söhbətlər edirdi. Müharibə davam etsə də, onun düşüncələrində artıq müharibədən sonrakı cəmiyyətin necə qurulacağı məsələsi mühüm yer tuturdu.
Karlsbad günlərindən geriyə altı dəftər qaldı. “Geçen Günlerim” adlandırdığı, Osmanlı türkcəsində və fransızca yazdığı 158 səhifəlik bir gündəlik. Altıncı dəftərin yalnız bir səhifəsi yazılmışdı – o da Karlsbaddan Vyanaya qayıtdığı gün. Burada müalicə günləri, oxuduğu kitablar, türk ailələri ilə görüşlər, vətənin gələcəyi, ordu və müharibə haqqında söhbətlər var.
Ancaq dəftərlərin ən maraqlı səhifələri onun cəmiyyətin gələcəyi haqqında düşüncələridir. Mustafa Kamal Avropa qadınlarının ictimai həyatda daha sərbəst iştirakını görür, qadının təhsili və cəmiyyətdəki yeri haqqında fikirlərini açıq ifadə edirdi. O, qadınların azadlığı məsələsində cəsarətli davranmağın vacibliyini vurğulayırdı. Hətta 6 iyul 1918-ci il tarixli qeydlərində geniş səlahiyyət sahibi olacağı təqdirdə ictimai həyatda arzuladığı dəyişiklikləri bir anda həyata keçirmək istəyindən bəhs edirdi.
Bu düşüncələrin sonrakı Cümhuriyyət islahatlarına nə qədər təsir etdiyini dəqiq ölçmək çətindir. Ancaq illər sonra həyata keçiriləcək dəyişikliklərin bəzi ideya izləri həmin dəftərlərdə artıq görünür. Qadın hüquqları, cəmiyyətin modernləşməsi, köhnəlmiş ictimai qaydaların dəyişdirilməsi – bütün bunlar gələcək Türkiyənin qurucusunu hələ 1918-ci ilin yayında düşündürürdü. Karlsbadın sakit yay günlərində yazılan bu sətirlər sonradan böyük tarixi məna qazanacaqdı.
Ancaq Avropanın bu kiçik kurort şəhərindəki günlər də sona çatırdı. İyulun 3-də Osmanlı sultanı V Mehmed Rəşad vəfat etdi. Ertəsi gün taxta VI Mehmed Vahidəddin çıxdı. Mustafa Kamal yeni sultanı yaxşı tanıyırdı: bir il əvvəl onunla birlikdə Almaniyaya səfər etmişdi. Saraydan gələn çağırış paşanın İstanbula dönüşünü sürətləndirdi. İyulun 27-də Karlsbaddan ayrıldı, avqustun əvvəllərində isə Osmanlı paytaxtına qayıtdı. Müalicədən gözlədiyi nəticəni tam almamışdı. Qarşıda onu yeni hərbi və siyasi hadisələr gözləyirdi.
Gündəliyin sonunda Mustafa Kamal maraqlı bir etiraf edir. Karlsbad xatirələrini olduğu kimi qələmə ala bilmədiyini yazır. Vaxtı çatmayıb, üstəlik, bütün düşüncələrini və şəxsi sirlərini kağıza etibar etməyə tərəddüd edib. Hətta yazdıqlarını da bir gün məhv edə biləcəyini düşünüb.
Ancaq dəftərlər məhv edilməyib.
1931-ci ildə Atatürkün mənəvi qızı, türk tarixçisi və sosioloqu, professor Afət İnan onları Çankayadakı köhnə köşkün kitabxanasında tapıb. Mustafa Kamal həmin dəftərləri yenidən görəndə duyğulanıb və gələcəkdə nəşr olunması üçün ona əmanət edib. Gündəliklər illər sonra, 1983-cü ildə Afət İnanın hazırladığı “M. Kemal Atatürk’ün Karlsbad Hatıraları” adı ilə Türk Tarix Qurumu tərəfindən kitab şəklində nəşr olunub.
Burada Borxesvari bir paradoks var. Dəftərlərin böyük hissəsi ərəb qrafikalı Osmanlı yazısı ilə qələmə alınmışdı. On il sonra, 1928-ci ildə Mustafa Kamalın rəhbərliyi ilə Türkiyə latın qrafikalı yeni əlifbaya keçəcəkdi. Beləliklə, Karlsbadda öz xatirələrini yazan adam gələcək nəsillərin əksəriyyətinin oxuya bilməyəcəyi hərflərdən istifadə edirdi. Xatirələrini bir gün məhv edə biləcəyini düşünən Türkiyə Cümhuriyyətinin qurucusu sonradan həmin xatirələrin yazıldığı əlifbanın dəyişdirilməsinə rəhbərlik edəcəkdi.
Əlifba dəyişdi, dəftərlər qaldı. Bir insanın unutmağa razı olduğu şeylər bəzən tarixin yaddaşında daha uzun yaşayır.
***
Karlovı Varıda Atatürkün xatirə lövhəsi asılmış binanı asanlıqla tapdıq.
Ünvanı soruşduğumuz hər kəs oranı Atatürkün adı ilə tanıyırdı. Telefonumu çıxarıb lövhənin şəklini çəkərkən qəribə bir həyəcan keçirdim. Çünki Atatürk mənim üçün yalnız böyük sərkərdə və Türkiyə Cümhuriyyətinin qurucusu deyil, XX əsrin tarixində ağlın, iradənin və tərəqqinin nələrə qadir olduğunu göstərən müstəsna şəxsiyyətdir. O, məğlub olmuş bir imperiyanın xarabalıqları üzərində müasir, dünyəvi dövlət qurdu, xalqının taleyini dəyişdirdi, bütöv bir millətin gələcəyə baxışını yenilədi.
Mən onun böyüklüyünü yalnız qazandığı zəfərlərdə deyil, elmə, təhsilə, qadın azadlığına və insan düşüncəsinə verdiyi dəyərdə görürəm. Bir azərbaycanlı olaraq Atatürkə sevgim təkcə qardaş Türkiyəyə məhəbbətimdən doğmur; bu sevginin kökündə onun təmsil etdiyi ideallara dərin hörmət dayanır. O gün Karlsbadda bir binanın şəklini çəkirdim, ancaq qarşımda gördüyüm bir əsr əvvəl burada yaşamış böyük insanın tarixdə qoyduğu iz idi.









