Hörmüzdə üç neft tankeri minaya düşüb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son 24 saat ərzində Hörmüz boğazının cənubunda icazəsiz marşrutla hərəkət etməyə çalışan üç neft tankerinin dəniz minalarına toxunduqdan sonra partlayışlar və yanğın baş verdiyini bildirib.
ERAmedia xarici mediaya istinadla xəbər verir ki, SEPAH-ın bəyanatına görə, tankerlər radar və naviqasiya sistemlərini söndürüblər, İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayıblar.
İran tərəfinin iddiasına görə, hadisədən sonra gəmilər boğazın cənub sahillərində qalıb.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında kommersiya gəmilərinin mütəmadi olaraq dəniz minalarına düşməsi ilə bağlı iddialarını təkzib edib. Komandanlıq vurğulayıb ki, minlərlə kommersiya gəmisi Hörmüz boğazından təhlükəsiz keçib və hazırda da həmin marşrutlardan istifadəyə davam edir.










