ABŞ-yə qaçdı, özünü “Braziliyanın lideri” elan etdi
Braziliyada keçirilən prezident seçkilərində Luiz İnasio Lula da Silvaya məğlub olduqdan sonra ABŞ-yə qaçan sağçı senator Flavio Bolsonaro özünü “Braziliyanın lideri” adlandırıb.
ERAmеdia xəbər verir ki, ABŞ-nin Mayami şəhərinə qaçan Bolsonaro X sosial şəbəkəsində paylaşdığı məktubda özünü “seçilmiş həqiqi dövlət başçısı” elan edib. O, qısa müddət sonra sildiyi paylaşımını yeniləyərək müvafiq ifadəni “Braziliyanın lideri” şəklində dəyişdirib.
Məktubunda beynəlxalq müttəfiqlərinə minnətdarlığını bildirən Bolsonaro ölkədən çıxmasına dəstək verən dövlət başçılarının adlarını da açıqlayıb.
Bolsonaro məktubunda bu ifadələrə yer verib:
“Son günlərdə Argentina Prezidenti Xavyer Mileyə və ABŞ Prezidenti Donald Trampa mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Bu dəstək əvvəlcə Braziliyadan çıxmağım, daha sonra isə qardaşım Eduardonun da yaşadığı ABŞ ərazisinə çatmağım baxımından həyati əhəmiyyət daşıyıb. Bura azadlıqlar ölkəsidir və ölkəmdəki yaxşı insanlarla eyni dəyərləri bölüşən qardaşların diyarıdır. Prezident Tramp söz azadlığının böyük müdafiəçisidir”.
Bolsonaro beynəlxalq ictimaiyyəti Braziliyada baş verənləri normallaşdırmamağa çağırıb. O, məktubunda ölkədən qaçması ilə bağlı iddiaları rədd edərək Braziliyanı tərk etməsini qaçış deyil, “mübarizə strategiyası” kimi xarakterizə edib.
Ölkədəki mövcud hakimiyyəti və məhkəmə sistemini “fövqəladə rejim” adlandıran Bolsonaro bildirib:
“Açıq şəkildə bəyan etmək istəyirəm ki, Braziliyadan qaçmamışam, Braziliya uğrunda mübarizə aparmaq üçün ölkədən kənara çıxmışam. Xalqımın layiq olduğu lider ola bilmək üçün bu fövqəladə rejimi tərk etdim”.
Bolsonaro Ali Məhkəmənin (STF) hakimi Kristian Zaninini səsvermə müddətini iki saat uzatmaqla seçkilərə müdaxilə etməkdə ittiham edib. O, bu qərarın Lula da Silvanın birinci və ikinci tur arasındakı müddətdə 10 milyondan çox əlavə səs almasına şərait yaratdığını iddia edib.
Ölkəni tərk etmək qərarının “məcburiyyətdən” qaynaqlandığını bildirən Bolsonaro bu fikirləri səsləndirib:
“Vətənimi tərk etmək niyyətim yox idi, lakin bunun hara aparacağını çox yaxşı bilirəm. Bu, istənilən çevrilişin klassik ssenarisidir. Atam, keçmiş prezident Jair Bolsonaro ilə başlayan, minlərlə sıravi vətənpərvər braziliyalıya, hətta ABŞ vətəndaşlarına qədər uzanan siyasi təqiblərin yalnız bir məqsədi var: Braziliyada Petista mütəşəkkil cinayətkar qrupunun nəzarətində olan Ali Məhkəmə vasitəsilə qurulmuş fövqəladə rejimə qarşı çıxan hər kəsi susdurmaq”.
Fransanın keçmiş prezidenti Şarl de Qollun, Kubanın müstəqillik qəhrəmanı Xose Martininin, eləcə də Venesuela müxalifətinin liderləri Xuan Quaydonun, Edmundo Qonsalesin və Mariya Korina Maçadonun adlarını çəkən Bolsonaro bu şəxslərin də “mübarizə apardıqları rejimlər tərəfindən cinayətkar kimi təqdim olunduqlarını” iddia edib.
Mübarizəsini ABŞ-dən davam etdirəcəyini vurğulayan Bolsonaro məktubunu bu sözlərlə yekunlaşdırıb:
“Bu, Braziliyada demokratiya, insan hüquqları və azadlıq uğrunda apardığımız mübarizənin yalnız başlanğıcıdır. Təkcə mənə səs vermiş 60 milyon seçiciyə deyil, bütün Braziliya xalqına demək istəyirəm ki, mən Braziliyanın lideriyəm və seçkiləri oğurlayan cinayətkarlar ölkədə tiraniya quran mütəşəkkil cinayətkar qrupun bir hissəsidir. Dəyişiklik arzusunda olanlar bilsinlər ki, mən sizi heç vaxt tərk etməyəcəyəm. Millətimizin azad səsi və lideri olacağam”.
Bolsonaronun seçkilərdə saxtakarlıq edilməsi ilə bağlı iddialarına baxmayaraq, nəticələr Braziliyanın Ali Seçki Məhkəməsi (TSE), digər məhkəmə orqanları, hakimiyyət və onun prezidentliyə namizədliyini irəli sürmüş Liberal Partiyası (PL) daxil olmaqla, ölkənin rəsmi qurumları tərəfindən tanınıb və qəbul edilib.
Keçmiş prezident Jair Bolsonaronun oğlu Flavio Bolsonaro bazar günü keçirilən seçkilərdə prezident Lula da Silvaya məğlub olduqdan sonra ölkəni tərk edib.
Barəsində korrupsiya və çirkli pulların yuyulması ilə bağlı araşdırmalar aparılan Bolsonaronun pasportunun müsadirə edilməsi barədə də qərar verilib. Lakin onun bu müddət başa çatmamış Braziliyadan gizli şəkildə təyyarə ilə ayrıldığı məlum olub.
Bolsonaronun əvvəlcə yerli vaxtla çərşənbə axşamı axşam saatlarında Argentinaya getdiyi, daha sonra isə Ekvadora keçdiyi barədə məlumatlar yayılıb.
Lula da Silva seçkilərdə məğlub olan senator Flavio Bolsonaronun xaricə çıxış qadağasına baxmayaraq ölkəni tərk etməsini “utancverici” adlandırıb.
Braziliya mətbuatının məlumatına görə, Federal Ali Məhkəmə (STF) Flavio Bolsonaro barəsində atasının həyatından bəhs edən “Dark Horse” (“Qaranlıq at”) adlı bioqrafik filmin qanunsuz maliyyələşdirilməsi ilə bağlı iddialar üzrə araşdırma aparır.
Braziliyanın “O Estado de S. Paulo” və “O Globo” qəzetləri də Bolsonaronun yaxın dostu və vəkili Viller Tomazla əlaqəli olduğu iddia edilən başqa bir çirkli pulların yuyulması işi üzrə şübhəli şəxs qismində yer aldığını yazıblar.
Mələk Onur









