Qəhrəmanlığı ilə yaddaşlara həkk olunan kapitanın doğum günüdür
Bu gün Vətən uğrunda canından keçərək Azərbaycanın qəhrəmanlıq tarixinə adını yazdıran kapitan Ceyhun Həsənovun doğum günüdür.
ERAmedia xəbər verir ki, 1985-ci ildə anadan olan Ceyhun Həsənov hərbi xidmət illəri ərzində özünü Vətənə sədaqətlə xidmət edən zabit kimi tanıdıb.
O, 2009–2019-cu illərdə Naxçıvan şəhərində yerləşən hərbi hissələrdən birində xidmət edib. 2019-cu ildən etibarən isə Beyləqan rayonunda yerləşən hərbi hissədə fəaliyyətini davam etdirib.
2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edən Ceyhun Həsənov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. O, sentyabrın 27-də döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Göstərdiyi igidlik və fədakarlıq dövlət tərəfindən yüksək qiymətləndirilib. Ceyhun Həsənova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və digər medallarla təltif edilib.
Qəhrəman zabitdən geriyə onun şərəfli döyüş yolu, əziz xatirəsi və iki əkiz oğlu qalıb. Ceyhun Həsənovun həyat və xidmət yolu Vətənə sədaqətin, cəsarətin və fədakarlığın nümunəsi kimi xatırlanır.
Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarını heç vaxt unutmur. Şəhid kapitan Ceyhun Həsənovun əziz xatirəsi daim ehtiramla yad edilir.
Vüsalə










