Qarabağ Zəfərindən sülh diplomatiyasına: Azərbaycanın beynəlxalq nüfuzu güclənir
Azərbaycanın tarixi qələbəsi, bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində atdığı addımlar və Prezident İlham Əliyevin sülh diplomatiyası İslam dünyasında yeni baxış və impuls formalaşdırıb.
Politoloq Zaur İbrahimli ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi ilə keçirdiyi görüşlər ölkəmizin xarici siyasətində İslam dünyası ilə əlaqələrin prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirir.
Onun sözlərinə görə, Azərbaycan İslam ölkələri ilə münasibətlərini yalnız siyasi və iqtisadi müstəvidə deyil, həm də dərin mənəvi, mədəni və tarixi bağlar əsasında inkişaf etdirir. Bu strateji xətt Azərbaycanın İslam dünyasının ayrılmaz, etibarlı və fəal üzvü kimi mövqeyini daha da möhkəmləndirir.
Politoloq qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, işğala son qoyması və regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atdığı strateji addımlar müsəlman ölkələrində böyük maraq doğurur. Prezident İlham Əliyevin sülh diplomatiyası və Azərbaycanın münaqişədən sonrakı dövrdə formalaşdırdığı təcrübə İslam coğrafiyasında yeni baxışların yaranmasına və sülh təşəbbüslərinə dəstəyin güclənməsinə töhfə verir.
Zaur İbrahimli vurğulayıb ki, ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malikin Prezident İlham Əliyevlə görüşündə dövlət başçısının VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışına xüsusi diqqət yetirməsi də bunun göstəricisidir. ICESCO rəhbəri dünyada münaqişələrin davam etdiyi bir şəraitdə dövlətlərin müharibələrin dayandırılması və sülhün təmin olunması istiqamətində Azərbaycanın təcrübəsindən faydalanmasının vacibliyini vurğulayıb. Eyni zamanda, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin müasir beynəlxalq münasibətlər baxımından aktuallığı qeyd olunub.
Politoloqun fikrincə, Bakıdan səsləndirilən bu mesajlar, xüsusilə Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə və suverenliyə əsaslanan mövqeyi, yeni dünya düzəni və qlobal təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrdə mühüm konseptual əhəmiyyət daşıyır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və bundan sonra sülh gündəliyini ön plana çıxarması münaqişələrin həlli, dövlətlərin suveren hüquqlarının qorunması və regional təhlükəsizliyin təmin edilməsi baxımından diqqətəlayiq təcrübədir.
Zaur İbrahimli bildirib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aparılan müzakirələr də Azərbaycanın bu istiqamətdə artan rolunu təsdiqləyib. Onun sözlərinə görə, hazırda müsəlman ölkələri bir sıra ciddi geosiyasi və təhlükəsizlik çağırışları ilə üzləşirlər. Yaxın Şərqdəki qarşıdurmalar, ABŞ-İran münasibətlərindəki hərbi gərginlik, Səudiyyə Ərəbistanı ilə husilər arasında münaqişə və Fələstin problemi İslam dünyasında həmrəyliyin, koordinasiyanın və birgə fəaliyyətin gücləndirilməsini zəruri edir.
Politoloq qeyd edib ki, bu şəraitdə Azərbaycan müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsi, ortaq mövqelərin formalaşdırılması və ümumi problemlərin həlli istiqamətində fəal siyasət yürüdür. İƏT və ICESCO kimi nüfuzlu beynəlxalq təşkilatların fəaliyyətində iştirak ölkəmizə İslam həmrəyliyinin möhkəmləndirilməsinə və müsəlman dövlətləri arasında əlaqələrin inkişafına mühüm töhfələr vermək imkanı yaradır.
O bildirib ki, Azərbaycan müxtəlif dövrlərdə İslam ölkələrini bir araya gətirən mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib, müsəlman dövlətləri arasında siyasi dialoqun, mədəni əməkdaşlığın və birgə inkişaf təşəbbüslərinin təşviqində fəal iştirak edib. Prezident İlham Əliyevin beynəlxalq təşkilatların rəhbərləri ilə apardığı müntəzəm dialoq da Azərbaycanın ümummüsəlman problemlərinin müzakirəsində və ortaq strategiyaların müəyyənləşdirilməsində fəal rolunu nümayiş etdirir.
Zaur İbrahimlinin sözlərinə görə, Azərbaycanın İslam dünyası ilə münasibətlərinin mühüm istiqamətlərindən biri də islamofobiyaya qarşı mübarizə, tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqidir. Azərbaycan İslam mədəniyyətinin sülhsevər mahiyyətinin beynəlxalq miqyasda tanıdılmasına, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə xüsusi önəm verir. Şərqlə Qərb arasında coğrafi və mədəni körpü rolunu oynayan ölkəmiz ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirərək İslam dünyasında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Politoloq Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələrin də əhəmiyyətini vurğulayıb. Onun fikrincə, Fondun ölkə daxilində və xaricində reallaşdırdığı humanitar, xeyriyyəçilik, təhsil, səhiyyə və mədəniyyət təşəbbüsləri Azərbaycanın İslam dünyası ilə əlaqələrinin dərinləşməsinə, milli-mədəni irsin qorunmasına və ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Bu fəaliyyət Azərbaycanın “yumşaq güc” diplomatiyasının mühüm tərkib hissəsidir.
Zaur İbrahimli, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda İslam irsinin qorunması və bərpası istiqamətində görülən işlərin xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, erməni işğalı dövründə dağıdılmış və zərər görmüş məscidlərin, ziyarətgahların və digər dini-mədəni abidələrin bərpası yalnız Azərbaycanın milli-mədəni irsinin deyil, bütövlükdə İslam dünyasının tarixi sərvətinin qorunması baxımından vacibdir.
Politoloq vurğulayıb ki, Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirlər ölkəmizin milli-mənəvi dəyərlərə sadiqliyini, İslam irsinin yaşadılmasına verdiyi önəmi və müsəlman dövlətləri arasında mədəni həmrəyliyin gücləndirilməsi istiqamətindəki fəaliyyətini əks etdirir. Azərbaycanın sülh gündəliyi, humanitar təşəbbüsləri və İslam dünyası ilə çoxşaxəli əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Vural










