Hörmüz boğazı ilə bağlı iki fərqli açıqlama
ABŞ ilə İran arasında gərginlik Hörmüz boğazında davam edərkən, Vaşinqtondan diqqətçəkən açıqlama verilib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ticarət gəmilərinin bölgədə dəniz minalarına çırpılması ilə bağlı İran mənbələrində yayılan məlumatları təkzib edərək, əsas keçid marşrutlarının minalardan təmizləndiyini bildirib.
ERAmedia xəbər verir ki, CENTCOM son günlər və həftələr ərzində İran mətbuatında Hörmüz boğazından keçən bəzi ticarət gəmilərinin dəniz minalarına çırpılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
ABŞ hərbi komandanlığı İran mənbələrinin gündəmə gətirdiyi mina iddialarını rədd edib.
Açıqlamada qeyd olunub ki, Hörmüz boğazında beynəlxalq səviyyədə tanınan əsas keçid dəhlizləri ABŞ qüvvələri tərəfindən dəniz minalarından təmizlənib. Vaşinqton həmin marşrutların hazırda da minalardan təmizlənmiş vəziyyətdə olduğunu iddia edib.
CENTCOM, həmçinin Hörmüz boğazında ticarət gəmiçiliyinin davam etdiyini bildirərək, minlərlə ticarət gəmisinin müəyyən edilmiş marşrutlardan təhlükəsiz şəkildə istifadə etdiyini açıqlayıb. Qurumun məlumatına görə, gəmilər bu gün də həmin dəhlizlər vasitəsilə hərəkətlərini davam etdirirlər.
CENTCOM-un açıqlaması İran mənbələrində bölgədə dəniz minaları səbəbindən ticarət gəmilərinin zərər görməsi ilə bağlı xəbərlərin yayılmasından sonra verilib.
ABŞ tərəfi mina iddialarını qəti şəkildə rədd etsə də, bu açıqlama Hörmüz boğazına nəzarət və dəniz nəqliyyatının təhlükəsizliyi məsələləri ilə bağlı Vaşinqtonla Tehran arasında qarşılıqlı bəyanatların növbəti mərhələsi kimi qiymətləndirilir.
Son dövrlərdə strateji əhəmiyyətli su yolunda ticarət gəmilərinə qarşı hücumların və hücum cəhdlərinin baş verməsi bölgədəki vəziyyətin qlobal enerji daşımaları baxımından da diqqətlə izlənilməsinə səbəb olur.
Vüsalə










