media-baku-city-tour-with-professional-guide-d22974-115574p15-1

Azərbaycanın multikulturalizm modeli, etnik və dini müxtəlifliyin milli həmrəyliklə uzlaşdırılması və müstəqil xarici siyasət kursu ölkənin fərqləndirici xüsusiyyətləri kimi qiymətləndirilir.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Aqşin Kərimov bildirib ki, Azərbaycanda etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquq bərabərliyi konstitusion təminat altındadır və cəmiyyətdəki qarşılıqlı hörmət bu hüquqi çərçivəni praktik müstəvidə tamamlayır.

Siyasi təhlilçinin fikrincə, Azərbaycanda dərin köklərə malik tolerantlıq və qarşılıqlı hörmət cəmiyyətin ictimai təfəkkürünün mühüm xüsusiyyətlərindəndir. Bu yanaşma ölkədə yaşayan müxtəlif xalqları vahid ailə modeli ətrafında birləşdirir, ictimai həmrəyliyin qorunmasına və milli birliyin möhkəmlənməsinə xidmət edir.

Aqşin Kərimov qeyd edib ki, Azərbaycan dövlətinin multikulturalizm modeli üçün cəmiyyətin parçalanması qəbuledilməzdir. Bunun əsas ideoloji dayaqlarından biri olan azərbaycançılıq etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları vahid siyasi-mənəvi dəyərlər ətrafında birləşdirir.

Onun sözlərinə görə, azərbaycançılıq ideologiyası milli müxtəlifliyi qarşıdurma mənbəyinə çevirmək əvəzinə, onu ümumi dövlətçilik maraqları ilə uzlaşdıran birləşdirici amil kimi çıxış edir.

Siyasi təhlilçi müasir dünyada baş verən qarşıdurmalara toxunaraq bildirib ki, əsas problemlərdən biri ideoloji fərqliliklərin mövcudluğu deyil, onların məqsədli şəkildə manipulyasiya edilməsidir.

Aqşin Kərimovun qənaətinə görə, ideoloji və dünyagörüşü fərqlərinin siyasi məqsədlər naminə istismar edilməsi cəmiyyətlərdə parçalanmanı dərinləşdirə, idarəolunan xaos yarada və nəticədə hərbi eskalasiyalara, qanlı münaqişələrə yol aça bilər.

Təhlilçi vurğulayıb ki, ideoloji dünyagörüşlərinin bu cür istismarı ambisiyaların, təcavüzün və üstünlük iddialarının güclənməsinə şərait yaradır. Bu yanaşma Prezident İlham Əliyevin də diqqət çəkdiyi məsələlərlə səsləşir.

Onun fikrincə, belə bir beynəlxalq şəraitdə milli həmrəyliyin qorunması, müxtəlifliklə birgəyaşayış prinsiplərinin möhkəmləndirilməsi və dövlətçilik maraqlarının ön planda saxlanılması xüsusi əhəmiyyət daşıyır.

Aqşin Kərimov hesab edir ki, ideoloji çərçivələr, təhlükəsizlik prioritetləri və müstəqil xarici siyasət vahid strateji xətt üzrə birləşdirildikdə dövlətin qlobal miqyasda təsir imkanları əhəmiyyətli dərəcədə genişlənir.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq əlaqələri, müttəfiqlik münasibətləri və strateji tərəfdaşlıq siyasəti də bu prinsiplər əsasında formalaşır. Ölkənin xarici siyasətində milli maraqların qorunması və müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi mühüm yer tutur.

Siyasi təhlilçi Azərbaycanın ABŞ və Çinlə münasibətlərinə də diqqət çəkib. O bildirib ki, beynəlxalq münasibətlər sistemində mühüm mövqeyə malik olan bu iki dövlətlə strateji səviyyədə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasət manevrlərini genişləndirən amillərdəndir.

Aqşin Kərimovun fikrincə, Azərbaycanın həm daxili siyasətdə milli həmrəyliyə və multikulturalizmə əsaslanması, həm də beynəlxalq müstəvidə müstəqil xarici siyasət yürütməsi ölkənin strateji mövqeyini gücləndirir.

Beləliklə, milli birliyin qorunması, azərbaycançılıq ideologiyasının birləşdirici rolu və müxtəlif beynəlxalq tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın həm daxili sabitliyinin, həm də qlobal müstəvidə manevr imkanlarının əsas komponentləri kimi çıxış edir.

Vural


media-adspc

Bənzər xəbərlər