media-whatsapp-image-2026-10-29-at-10-40-05

İspaniyada dünən yerli vaxtla saat 08:54-də iki sürətli qatarın toqquşması nəticəsində baş verən faciənin təfərrüatları üzə çıxmağa başlayıb.

ERAmedia xəbər verir ki, İspaniyanın nüfuzlu qəzetlərindən biri olan “El País” qəza zamanı qatar maşinistləri ilə Madridin Atoça əsas stansiyasının idarəetmə mərkəzinin əməkdaşı arasında baş vermiş danışıqların səs yazılarını yayımlayıb. Qəza nəticəsində 68 nəfər ölüb, 15-i ağır olmaqla 50-dən çox sərnişin yaralanıb.

Məlumata görə, Madrid–Əndəlüs dəmir yolu xəttinin nəzarət məntəqələrindən biri olan Urda stansiyasında sistem nasazlığı baş verib. Bu səbəbdən xətt boyunca hərəkət edən bütün qatarlar dayandırılıb. Nasazlıqla əlaqədar Urda stansiyasının funksiyalarını Madrid Atoça əsas idarəetmə mərkəzi öz üzərinə götürüb.

Səs yazılarına əsasən, dayanmış Iryo qatarının maşinisti ilə Atoça idarəetmə mərkəzinin operatoru arasında iki, arxadan gələn AVE qatarının maşinisti ilə həmin operator arasında isə bir telefon danışığı olub.

İddialara görə, Atoça mərkəzinin məsul əməkdaşı Iryo qatarından 25 kilometr aralıda olan AVE qatarının maşinistinə müəyyən edilmiş protokola uyğun olaraq saatda 40 kilometr sürətlə, “görünmə məsafəsi daxilində” hərəkət etmək əvəzinə, normal sürətlə hərəkəti bərpa etmək göstərişi verib.

Bu qərarın qarşıdakı dəmir yolu xəttində hərəkətə mane olan başqa qatarın olub-olmadığı yoxlanılmadan qəbul edildiyi bildirilir.

Iryo qatarının maşinisti də normal hərəkəti bərpa etmək barədə göstəriş alsa da, yeddi dəqiqə sonra qatarı yenidən hərəkətə gətirə bilmədiyini və hələ də dayandığını bildirib. Buna baxmayaraq, AVE qatarının maşinistinə normal sürətlə hərəkətə davam etmək göstərişi verilib.

Iryo qatarının hələ də dayanması barədə məlumatın verilməsindən toqquşma anına qədər keçən beş dəqiqə ərzində hər hansı xəbərdarlığın edilməməsi faciəvi qəza ilə nəticələnib.

“El País” qəzetinin yaydığı danışıq qeydləri belədir:

AVE qatarının maşinisti ilə Atoça idarəetmə mərkəzi arasında danışıq:

— Bəli.

— Saat 08:36-dır.

— Bəli.

— 2080 nömrəli qatarın maşinistiyəm.

— LZB sistemini söndürüb yenidən işə salın. Hərəkəti davam etdirin. Daha sonra BSL sisteminin mühafizəsi altında normal sürətlə hərəkətə davam edin.

— Normal sürətlə?

— Bəli.

Iryo qatarının maşinisti ilə Atoça idarəetmə mərkəzi arasında danışıq (saat 08:41):

— Sabahınız xeyir, Atoça. BSL sisteminin əhatə dairəsində hərəkət edərkən siqnal itkisi ilə üzləşdim. Qarşımdakı nəqliyyat vasitəsi 113 nömrəli yolda saatda 200 kilometrdən artıq sürətlə hərəkət edir. Lakin siqnalı qəbul edə bilmədim. Hazırda dayanmışam. Urda stansiyasının girişindəyəm.

Atoça idarəetmə mərkəzinin əməkdaşlarının ifadələri alınıb

İspaniyanın Toledo şəhəri yaxınlığında baş verən qatar qəzası ilə bağlı araşdırmalar davam edir. Hadisədə ciddi səhlənkarlıq ehtimalı ilə əlaqədar Madriddə yerləşən Atoça stansiyasının ADİF dəmir yolları idarəetmə mərkəzinin bütün əməkdaşlarının ifadələri alınıb.

Qəzadan bir gün sonra gecə boyunca axtarış-xilasetmə işləri davam etdirilib. Hadisə yerində işıqlandırma sistemləri quraşdırılıb, ağır texnikadan və minə yaxın əməkdaşdan istifadə olunub. Qatar vaqonlarında ölən və yaralananların axtarışı aparılıb. Əməliyyatlara helikopterlər, dronlar və axtarış itləri də cəlb edilib.

Qəza nəticəsində həlak olan AVE sürətli qatarının maşinistinin Antonio Acedo Meneses olduğu açıqlanıb. Bildirilib ki, 36 yaşlı maşinistin babası və atası da dəmir yolu sahəsində çalışıb. Bu səbəbdən onun da maşinist peşəsini seçdiyi qeyd olunub. Qəzada stajçı maşinist David Cabanasın da həyatını itirdiyi bildirilib.

Qurbanların ailələrinə kömək məqsədilə qəza bölgəsində və Toledo şəhərində əlaqələndirmə mərkəzləri yaradılıb. Buna baxmayaraq, İspaniyadan kənarda yaşayan və ya qəza yerindən uzaqda olan sərnişinlərin yaxınları sosial şəbəkələr vasitəsilə tanışlarına və qohumlarına çatmağa çalışırlar.

Qəzaya qarışan şirkətlərdən biri olan Renfe isə dekabr ayına qədər Madrid–Əndəlüs marşrutu üzrə qatar biletlərinin satışını dayandırıb.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər