media-whatsapp-image-2026-10-29-at-10-20-14

29 oktyabr Türkiyənin Cümhuriyyət Günüdür.

Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında Türkiyə Cümhuriyyətinin qurulmasında və milli mübarizənin qələbəsində mühüm rol oynamış, Mustafa Kamal Atatürkün xüsusi rəğbətini qazanmış İpsiz Rəcəb kimi tanınan Rəcəb Rəisin həyat və mübarizə yolundan bəhs edib.

Zaur Əliyev bildirib ki, dövlətləri yalnız siyasi qərarlar və rəsmi sənədlər deyil, həm də xalqın iradəsi, fədakarlığı və vətən uğrunda mübarizə aparan qəhrəman oğulları yaradır.

Onun sözlərinə görə, Rəcəb Rəis gənc yaşlarından liman fəhləsi və dənizçi kimi çalışıb. Qazandığı pulları ehtiyacı olan insanlara xərclədiyindən cibində demək olar ki, heç vaxt pulu olmayıb. Sərvətə əhəmiyyət verməməsi və səxavəti səbəbindən insanlar ona hörmətlə qarışıq zarafatla “İpsiz” ləqəbi veriblər.

Zaur Əliyev qeyd edib ki, Türkiyənin müstəqilliyi uğrunda mübarizənin ilk günlərindən milli müqavimət hərəkatına qoşulan Rəcəb Rəis Qara dəniz sahilində güclü xalq könüllüləri dəstəsi yaradıb. Bu dəstə təkcə yerli əhalinin müdafiəsini təmin etməyib, eyni zamanda işğalçı qüvvələrin təchizat xətlərinə zərbələr endirib, Anadoludakı milli müqavimət qüvvələrinə silah və sursat çatdırılmasında iştirak edib.

Tarixçi vurğulayıb ki, Rəcəb Rəisin rəhbərlik etdiyi qüvvələrin fransız gəmisini ələ keçirməsi milli mübarizə tarixinin diqqətəlayiq hadisələrindən biri olub. Göstərdiyi şücaətə görə Ankara hökuməti ona rəsmi olaraq kapitan rütbəsi verib.

Bu qəhrəmanlığı Rəcəb Rəisin Mustafa Kamal Atatürkün şəxsi rəğbətini qazanmasına da səbəb olub. Böyük öndərin ona “əmicə” deyə müraciət etməsi ilə bağlı xatirələr xalq arasında Rəcəb Rəisə olan hörmətin daha da artmasına töhfə verib. Onun adı həm xalqın yaddaşında, həm də Türkiyənin milli mübarizə tarixində xüsusi yer tutub.

Zaur Əliyevin sözlərinə görə, Rəcəb Rəisin vətənə xidmət anlayışı aldığı mükafatlarla deyil, göstərdiyi fədakarlıqla ölçülürdü. Müharibədən sonra ona təqdim edilən İstiqlal Medalından və dövlət təqaüdündən imtina edən qəhrəman komandirin dilə gətirdiyi bu sözlər onun həyat prinsipini ifadə edirdi:

“Mən medal üçün deyil, millətim üçün döyüşdüm”.

Tarixçi bu yanaşmanın Azərbaycan tarixində də bənzər nümunələrinin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) də ona bu fəxri adın verilməsini iki dəfə təklif edən Əbülfəz Elçibəy və Heydər Əliyevə münasibətdə oxşar mövqe sərgilədiyi bildirilir. Bu nümunələr vətən uğrunda mübarizənin şəxsi mükafat və təltiflərdən daha üstün tutulduğunu göstərir.

Müharibədən sonra Sakaryanın Karasu rayonunda məskunlaşan Rəcəb Rəis 1928-ci ildə vəfat edənədək kənd təsərrüfatı ilə məşğul olub.

Zaur Əliyev qeyd edib ki, İpsiz Rəcəb kimi tarixi şəxsiyyətlərin həyat yolu gələcək nəsillərə vətən sevgisi, fədakarlıq və təmənnasız xidmət nümunəsi kimi çatdırılmalıdır. Onun fikrincə, bir xalqın müstəqilliyi uğrunda mübarizə aparan qəhrəmanları xatırlamaq həm də həmin xalqın tarixinə və milli dəyərlərinə sahib çıxmaq deməkdir.

Allah vətən uğrunda son nəfəsinə qədər mübarizə aparan qəhrəmanlara rəhmət eləsin!

media-whatsapp-image-2026-10-29-at-10-20-14

Mələk Onur


media-adspc

Bənzər xəbərlər