Netanyahunun hakimiyyəti sual altındadır: İsraildə üç mümkün ssenari
İsraildə Knesset seçkilərinin ilkin nəticələrinə əsasən, Benyamin Netanyahunun liderlik etdiyi sağçı blok liderlik edir.
ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, Netanyahunun qələbəsini elan etməsinə baxmayaraq, ölkədə hökumətin formalaşdırılması uğrunda əsas mübarizə bundan sonra başlayacaq.
Təhlilçinin sözlərinə görə, İsraildə heç bir partiya və ya blok 120 yerlik Knessetdə hökuməti təkbaşına formalaşdırmaq üçün tələb olunan 61 mandatı əldə edə bilməyib. Bu səbəbdən yeni hökumətin qurulması siyasi qüvvələr arasında aparılacaq koalisiya danışıqlarından asılı olacaq.
Qaydalara əsasən, seçkilərin yekun nəticələri açıqlandıqdan sonra İsrail prezidenti hökuməti formalaşdırmaq üçün Knesset üzvlərindən birinə mandat verməlidir. Namizədə hökuməti qurmaq üçün 28 gün vaxt ayrılır. Bu müddətdə nəticə əldə olunmasa, prezident mandatı başqa namizədə verə və ya qanunvericilikdə nəzərdə tutulan digər prosedurlara müraciət edə bilər. Koalisiyanın formalaşdırılmasının mümkün olmaması isə növbədənkənar seçkilərlə nəticələnə bilər.
Asif Nərimanlı qeyd edib ki, İsraildə koalisiya hökumətinin qurulması üçün üç əsas ssenari nəzərdən keçirilə bilər.
İlk mümkün variant seçkidə önə çıxan iki əsas siyasi cəbhənin – sağçı Benyamin Netanyahu və mərkəzçi Qadi Ayzenkot bloklarının razılığa gəlməsidir.
Lakin bu ssenarinin reallaşması ciddi siyasi maneələrlə üzləşir. Ayzenkotun rəhbərlik etdiyi qüvvələrin belə bir razılaşmaya getməsi üçün ultra-sağçı partiyaların hökumətdən kənarlaşdırılması və ya baş nazir postunun dəyişdirilməsi kimi şərtlər irəli sürülə bilər.
Siyasi təhlilçinin fikrincə, Ayzenkotun cəmiyyətdəki mövqeyi və şəxsi nüfuzu onun hökumət başçısı olmaq imkanlarını gücləndirən amillər sırasındadır. İsrail cəmiyyətinin bir hissəsi onu daha praqmatik siyasətçi kimi qəbul edir. Oğlunun Qəzza müharibəsində həlak olması da Ayzenkotun ictimai nüfuzuna təsir göstərən amillərdən biridir.
Bununla belə, seçkilərdə rəhbərlik etdiyi blokun mövqeyini gücləndirən Netanyahu baş nazir postundan imtina etmək niyyətində görünmür. Hakimiyyətdən getməsi onun hüquqi məsuliyyətlə üzləşməsi riskini də artıra bilər.
Digər tərəfdən, Netanyahunun İsrailə sağçı və millətçi qüvvələrin rəhbərlik etməli olduğu barədə açıqlamaları onunla rəqib siyasi düşərgə arasındakı ideoloji fərqlərin dərinliyini göstərir.
Bu səbəbdən iki əsas blokun birbaşa razılığa gəlməsi çətin görünür. Hər iki tərəf hökumət qurmaq üçün daha kiçik partiyalarla danışıqlar aparmağa məcbur qala bilər.
Digər mümkün variant İsraildəki ərəb partiyalarının iştirakı və ya dəstəyi ilə hökumət formalaşdırılmasıdır.
İsrail əhalisinin təxminən 20 faizini təşkil edən ərəb icması seçkilərdə fəallıq nümayiş etdirib. Hadaş, Taal və Balad partiyalarının daxil olduğu Birgə Ərəb Siyahısı, eləcə də Raam partiyası siyasi prosesdə əhəmiyyətli mövqeyə malikdir.
Asif Nərimanlının qiymətləndirməsinə görə, ərəb partiyalarının dəstəyi həm Netanyahu, həm də Ayzenkot blokunun parlamentdə çoxluğu təmin etməsi baxımından əhəmiyyətli ola bilər. Bununla belə, tərəflər arasında ciddi siyasi və ideoloji fikir ayrılıqları mövcuddur.
Birgə Ərəb Siyahısı Fələstin münaqişəsinin həllini və iki dövlətli həll modelini dəstəkləyir. Bu mövqe İsrailin sağçı siyasi qüvvələrinin yanaşmaları ilə ziddiyyət təşkil edir.
Raam partiyasının lideri Mənsur Abbas isə digər ərəb siyasi qüvvələrindən fərqli olaraq, Qəzza məsələsində daha ehtiyatlı ritorikası və əvvəllər hökumətdə təmsil olunması ilə seçilir. Bu amillər partiyanın yeni koalisiya danışıqlarında rol oynamaq ehtimalını artırır.
Təhlilçinin fikrincə, Netanyahu blokunun Raam ilə razılığa gəlməsi parlament çoxluğunun təmin olunması baxımından müəyyən imkanlar yarada bilər. Ayzenkotun rəhbərlik etdiyi düşərgə üçün isə bu variantın reallaşması daha çətin görünür.
Birgə Ərəb Siyahısının hökumət koalisiyasında iştirakı isə ideoloji ziddiyyətlər və İsrail siyasətində ərəb partiyalarına münasibət səbəbindən mürəkkəb ssenari olaraq qalır.
Hökumətin formalaşdırılması üçün digər variant ultraortodoks yəhudiləri təmsil edən “Tövratın Birləşmiş Yəhudiliyi” və “Şas” partiyaları ilə razılaşmanın əldə olunmasıdır.
Bu partiyaların mövqeyi xüsusilə hərbi xidmət məsələsində həlledici ola bilər. Ultraortodoks siyasi qüvvələr öz icmalarından olan gənclərin hərbi xidmətə çağırılmamasını istəyirlər. Məhz bu məsələ əvvəlki koalisiya münasibətlərində də ciddi fikir ayrılıqlarına səbəb olub.
Haredilərin hərbi xidmətdən azad edilməsi İsrail cəmiyyətində narazılıq doğuran əsas məsələlərdən biridir. Ayzenkotun rəhbərlik etdiyi siyasi düşərgə bu tələbləri qəbul etməyə meyilli görünmür. Netanyahu bloku isə ultraortodoks qüvvələrlə əməkdaşlığa daha açıq mövqedə olsa da, ictimai narazılıq və siyasi təzyiqlər bu seçimi çətinləşdirir.
Asif Nərimanlının qənaətinə görə, üç ssenarinin hər biri ciddi maneələrlə üzləşir. Buna görə də İsraildə yeni hökumətin formalaşdırılması uzun çəkə, siyasi qüvvələr arasında danışıqlar nəticəsiz qala və ölkə yenidən seçkilərə gedə bilər.
İsraildə seçkilərin nəticələri yalnız ölkənin daxili siyasi gələcəyi baxımından deyil, Yaxın Şərqdəki proseslərə mümkün təsirləri baxımından da əhəmiyyət daşıyır. Xüsusilə İranla münasibətlər və Qəzza müharibəsi fonunda yeni hökumətin xarici siyasət kursunun dəyişib-dəyişməyəcəyi əsas suallardan biridir.
Siyasi təhlilçi hesab edir ki, Netanyahunun hakimiyyətdə qalıb-qalmamasından asılı olmayaraq, regionda müharibə riskinin azalacağına dair nikbin gözləntilər üçün ciddi əsaslar yoxdur.
Onun sözlərinə görə, Netanyahunun əsas rəqibləri də İran və Qəzza məsələlərinə İsrailin təhlükəsizliyi prizmasından yanaşırlar. Bəzi hallarda onların mövqeləri daha sərt xarakter daşıya bilər.
Məsələn, Ayzenkot Netanyahunu İranın nüvə proqramının qarşısının alınması istiqamətində kifayət qədər qətiyyətli davranmamaqda ittiham edir. Bu yanaşma göstərir ki, hakimiyyət dəyişikliyi İsrailin İran siyasətində yumşalmaya gətirib çıxarmaya bilər.
Beləliklə, Asif Nərimanlının qiymətləndirməsinə əsasən, Netanyahunun hakimiyyətdə qalması və ya onun rəqiblərinin hökumət qurması Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətinin köklü şəkildə dəyişəcəyinə zəmanət vermir. Əksinə, İsrailin daxili siyasi mübarizəsi ilə yanaşı, İran və Qəzza istiqamətində gərginliyin davam etməsi region üçün əsas risklərdən biri olaraq qalır.
Vüsalə









