Azərbaycanın İƏT-ə sədrliyi İslam dünyası ilə əməkdaşlıq üçün yeni imkanlar açır
Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi və ICESCO-nun Baş direktoru ilə son görüşləri Azərbaycanın İslam dünyası ilə münasibətlərinin gələcək prioritetlərini müəyyənləşdirir.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycanın 2027-ci ildə İƏT-in Zirvə görüşünə ev sahibliyi etməsi və təşkilata sədrlik etməsi mövcud əlaqələrin yeni təşəbbüslərlə zənginləşdirilməsi baxımından mühüm fürsətdir. Onun sözlərinə görə, əsas hədəflərdən biri siyasi əməkdaşlığın təhsil, mədəni irsin qorunması və sosial sahələrdə konkret nəticələr verməsinə nail olmaqdır.
Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycanın İslam dünyasına bağlılığı xalqımızın tarixindən və mənəvi dəyərlərindən qaynaqlanır. Müsəlman ölkələri ilə münasibətlərin möhkəmləndirilməsi bu bağlılığın dövlət siyasətində təzahürüdür. İƏT siyasi dialoq və ortaq mövqelərin formalaşdırılması üçün platforma rolunu oynayırsa, ICESCO təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinə imkan yaradır. Bu istiqamətlərin bir-birini tamamlaması Azərbaycanın təşəbbüslərinin təsirini daha da artıra bilər.
Fond rəhbərinin fikrincə, Azərbaycanın 1991-ci ildən İƏT-in üzvü kimi qazandığı təcrübə gələcək sədrliyin səmərəli təşkili üçün mühüm əsasdır. İƏT-in Baş katibinin son görüşdə Heydər Əliyevin təşkilatla əlaqələrin genişləndirilməsindəki xidmətlərini xatırlatması da bu münasibətlərin tarixi əhəmiyyətini göstərir.
Əliməmməd Nuriyev vurğulayıb ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkəmizin müsəlman dünyasını bir araya gətirmək istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdəndir. Bu təcrübə Azərbaycanın gələcəkdə də həmrəyliyin gücləndirilməsi və ortaq layihələrin təşviqi istiqamətində fəal rol oynaya biləcəyini göstərir.
O bildirib ki, İslam dünyası ilə əməkdaşlıqdan danışarkən Azərbaycanın öz dini-mədəni irsinin qorunması istiqamətində gördüyü işlərə də diqqət yetirilməlidir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şamaxı Cümə məscidinin, Şuşadakı Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin bərpasında gördüyü işlər bu fəaliyyətin konkret nümunələridir.
Əliməmməd Nuriyevin sözlərinə görə, Qarabağda dini abidələrin bərpası xüsusi əhəmiyyət daşıyır. Çünki bu proses yalnız tarixi-memarlıq nümunələrinin qorunması ilə məhdudlaşmır, eyni zamanda şəhərlərin tarixi simasının və insanların doğma yurdları ilə mənəvi bağlılığının bərpasına xidmət edir.
Fond rəhbəri Azərbaycanın beynəlxalq humanitar fəaliyyətinin də İslam dünyası ilə münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevlə görüşündə Leyla xanım Əliyeva ilə əməkdaşlığı, onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən humanitar və təhsil layihələrini xüsusi vurğulayıb.
Əliməmməd Nuriyev qeyd edib ki, 2025-ci ilin dekabrında Heydər Əliyev Fondu ilə ICESCO arasında Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsinə yönələn layihə üzrə sazişin imzalanması bu əməkdaşlığın konkret nümunəsidir. Belə təşəbbüslər insanların sosial problemlərinin həllinə töhfə verməklə yanaşı, ölkələr və cəmiyyətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə də xidmət edir.
O vurğulayıb ki, Azərbaycanın İslam irsinə qayğısı müxtəlif dinlərə və mədəniyyətlərə hörmət ənənəsi ilə uzlaşır. Ölkəmizin beynəlxalq dialoq təşəbbüslərinin əhəmiyyəti də məhz bu təcrübəyə əsaslanır. Qarşılıqlı hörmət və tolerantlıq prinsiplərinin cəmiyyət daxilində qorunması beynəlxalq səviyyədə irəli sürülən çağırışların inandırıcılığını artırır.
Fond rəhbərinin qənaətinə görə, Azərbaycanın İƏT-ə gələcək sədrliyinin nəticələrini qiymətləndirərkən həyata keçirilən layihələrin davamlılığına, qurulan tərəfdaşlıqlara və həmin təşəbbüslərdən faydalanan insanların həyatında yaranan müsbət dəyişikliklərə diqqət yetirmək lazımdır. Təhsil imkanlarının genişləndirilməsi, mədəni irsin qorunması və həssas sosial qruplara dəstək bu baxımdan əsas fəaliyyət istiqamətləri ola bilər.
Əliməmməd Nuriyev vətəndaş cəmiyyətinin də bu prosesdə fəal iştirakının vacibliyini qeyd edib. Onun fikrincə, Azərbaycan qeyri-hökumət təşkilatları müsəlman ölkələrindəki tərəfdaşları ilə gənclər, təhsil və sosial dəstək sahələrində birgə layihələr hazırlaya bilərlər.
O əlavə edib ki, əsas məqsəd görülən işləri təqdim etməklə kifayətlənməmək, mövcud əlaqələri cəmiyyətlər arasında uzunmüddətli və davamlı əməkdaşlığa çevirməkdir. Bu yanaşma Azərbaycanın İslam dünyası ilə münasibətlərinin daha da dərinləşməsinə və qarşılıqlı fayda əsasında yeni tərəfdaşlıqların yaranmasına töhfə verə bilər.
Əli Fərhad









