media-videoedited
media-7f02b603bfe6f384b01970b89ae55a8b
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

media-68d53df5dd2ab68d53df5dd2ac175880549368d53df5dd2a968d53df5dd2aa

7 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfovanın APA-ya müsahibəsi

 

Uşaqların adı valideynlərin seçiminə uyğun olaraq verilir

 

– Siz özünüz vətəndaşlara yeni adlar təklif edirsiniz? Çünki ölkədə eyni adların çoxluğu halları hələ də müşahidə olunur. Və bir də Azərbaycanda bir şəxsə iki ayrı adın verilməsi qadağandırmı? Ümumiyyətlə, bu məsələ qanunvericilikdə necə tənzimlənir?

 

– Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən, uşağa ad valideynlərin razılığı ilə verilir. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

 

Uşaqların adı valideynlərin seçiminə uyğun olaraq verilir. Valideynlərə ad seçimi zamanı AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Azərbaycan şəxs adlarının izahlı lüğəti”ndən və Ədliyyə Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Azərbaycan adları barədə məlumat” bölməsindən istifadə etmələri tövsiyə olunur.

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26-cı maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd edilən maddəsinə əsasən, fiziki şəxsin adı adlardan deyil, yalnız addan ibarət ola bilər. Həmçinin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.5-ci bəndinə əsasən, adın verilməsindən və ya dəyişdirilməsindən imtina barədə qeydiyyat orqanının qərarından inzibati qaydada (və ya) məhkəməyə şikayət verilə bilər.

 

Ölkəmizdə qadağan olunan adların siyahısı mövcud deyil

 

Ölkəmizdə uşaqlara xarici adların verilməsi ilə bağlı qadağa mövcuddur?

 

– Ölkəmizdə qadağan olunan adların siyahısı mövcud deyil. Lakin yuxarıda da qeyd etdiyim kimi, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən, uşağın mənafeyinə xələl gətirəcək, habelə cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

 

2020-ci ildən indiyədək 1266 uşağa Polad, 539 uşağa Zəfər, 284 uşağa isə Xudayar adı verilib

 

– Vətən müharibəsindən sonra Xudayar, Polad, Zəfər kimi adların verilməsində artım yaşanıbmı?

 

– Qeyd edim ki, 2020-ci ildən indiyədək 1266 uşağa Polad, 539 uşağa Zəfər, 284 uşağa isə Xudayar adı verilib.

 

Valideynlər milliləşdirilmiş soyad sonluqlarının seçilməsinə üstünlük verir

 

– Bəs soyadların sonluqlarının dəyişdirilməsi prosesi necə həyata keçirilir? Ümumilikdə, soyad sonluqlarının dəyişdirilməsi istiqamətində hansı tendensiyalar müşahidə olunur? Nə qədər vətəndaş soyad sonluğunu dəyişdirmək üçün müraciət edib?

 

– “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Milli Məclisin 02.02.1993-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” – sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”, “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

 

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir.

 

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Şəxsin soyadının sonluğu dəyişdirildikdə onun vətəndaşlıq vəziyyətinə dair akt qeydlərində (doğumu, nikahı, övladlarının doğumu və sair) soyadının sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə yeni şəhadətnamələr təqdim olunur.

 

Soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum nəzərdə tutulmayıb.

 

Eyni zamanda, yenidoğulmuş uşağın doğumunun qeydə alınması zamanı müraciət edən şəxs uşağın soyadının valideynlərin soyadlarına uyğun Milli Məclisin müvafiq qərarındakı sonluqlardan biri və ya sonluqsuz forma ilə qeyd olunmasını seçə bilər. Soyadın sonluğunun seçilməsi zamanı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.

 

Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

 

Məlumat üçün qeyd edim ki, 2024-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 1479, 2025-ci ilin ilk 6 ayı ərzində isə 634 şəxsin soyadının sonluğu dəyişdirilib.

 

Eyni zamanda, yenidoğulmuşların doğumunun qeydə alınması zamanı valideynlər tərəfindən bir qayda olaraq milliləşdirilmiş soyad sonluqlarının seçilməsinə üstünlük verilir.

 

Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər

 

– Qadın nikahdan sonra həm atasının soyadını, həm də həyat yoldaşının soyadını eyni vaxtda daşıya bilərmi?

 

Bəli. Ailə Məcəlləsinin 30-cu maddəsinə əsasən, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir.

 

– Ad soyad, ata adının dəyişdirilməsi qanunvericiliklə necə tənzimlənir?

 

– Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

 

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir.

 

Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.

 

2024 və 2025-ci ilin birinci yarımili ərzində yetkinlik yaşına çatmış 9 şəxsin ata adının dəyişdirilməsi qeydə alınıb

 

– Bəs ata adının dəyişdirilməsi ilə bağlı nə qədər adam müraciət edib? Və səbəbləri nə ilə bağlı olub?

 

– 2024 və 2025-ci ilin birinci yarımili ərzində yetkinlik yaşına çatmış 9 şəxsin ata adının dəyişdirilməsi qeydə alınıb. Ata adının dəyişdirilməsi adətən şəxsin onu faktiki böyütmüş və tərbiyə etmiş adamın adı ilə ata adı daşımaq arzusundan irəli gəlir.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər