Ölülərin dəyər gördüyü dünya - Rəsul Mirhəşimli yazır

Bir zamanlar dərvişdən soruşublar: “Dünyadan nə anladın?”
Dərviş cavab verib: “Ölülərin sevgi ilə anıldığı, yaşayanların isə sevgisizlikdən öldüyü bir dünyaya şahid oldum. Ölülərin torpağına çiçək əkdilər, yaşayanların bağçasını isə talan etdilər”.
Bu sözlər zamanın ruhunu və insan münasibətlərinin acınacaqlı halını dərindən əks etdirir. Elə bir dövrdəyik ki, insanlar bir-birinə salam verməyə belə çəkinir, dərdinə şərik olmağa ərinir. Amma kimsə öləndə sosial mediada uzun-uzadı yazılar paylaşılır, məzar başında şəkillər çəkdirilib “sayğı” göstərilir. Halbuki o insan sağ ikən bir dəfə də olsun zəng edilib, halını soruşan olmamışdı…
İnsanlar arasındakı sevgi telləri qopduqca, cəmiyyət də içdən-içə çökür. Qonşuluq, dostluq, qohumluq kimi dəyərlər artıq yalnız bayramlarda xatırlanır. Əvvəllər insanların bir-birinin qapısını döymək üçün bəhanəyə ehtiyacı yox idi. Kim yas içindədir, kim xəstədir, kim sevincli bir hadisə yaşayıb, bunları yerində öyrənmək mənəvi bir məsuliyyət idi. Qısası, hamı bir-birindən xəbərdar idi. İndi isə çox vaxt qonşunun ölüm xəbərini belə internetdən öyrənirik.
Xalqımızın gözəl bir atalar sözü var: “Dost dar gündə tanınar”. Amma indi çətin gündə dost tapmaq çətindir, çünki insanlar dar gündə görünməkdən qaçırlar. Problemi olan birinə kömək əli uzatmaq kimi bir ənənə unudulub, hər kəs öz dərdi ilə tək buraxılıb. İnsanlar arasında empatiya hissi zəifləyib, bəlkə də tamamilə yox olub. Halbuki insanı insan edən, başqasının ağrısını hiss edə bilmə qabiliyyətidir.
Təəssüf ki, insan öldükdə birdən-birə “dəyərli” olur. Gözəl sözlər, xoş xatirələr, çiçəklərlə bəzədilmiş məzar yerləri, bütün bunlar sanki bir görüntü yarışına çevrilib. Halbuki bunların hamısı insan öldükdən sonra olur. Azərbaycanın xalq artisti, mərhum kamança ustası Habil Əliyevin bir sözü bu məqamda çox yerinə düşür. Mərhum sənətkarımız deyirdi, “Ölüləri o qədər tərifləyirlər ki, adamın ölməyi gəlir”.
Bəs niyə insanlar sağ ikən gözəl sözlər deyilmir, bir yardım əli uzadılır? Bu psixoloji məqamın arxasında həm vicdan rahatlatma cəhdi, həm də sosial bir nümayiş ehtiyacı dayanır. İnsanlar itirdiklərinin qədrini anlamağa başlayırlar, çünki ölən birinin bu dünyadan artıq gözləntisi yoxdur. Halbuki yaşayan bir insan diqqət, anlayış və zaman istəyir. Bu gözləntilər də artıq çoxumuza yük kimi gəlir.
Əvvəllər kəndlərimizdə, şəhərlərimizdə isti münasibətlər bir həyat tərzi idi. Toylar, yas mərasimləri, qonaqlığa getmək, evə qonaq çağırmaq kimi gözəl ənənələr təkcə bir vərdiş deyil, bir sevgi mədəniyyəti idi. İnsanlar bir-birinin həyatının içində idi.
İndi isə münasibətlər “onlayn”, qəlblər isə “oflayn” vəziyyətindədir. Ünsiyyət vasitələri artsa da, ünsiyyətin keyfiyyəti azalıb. Sevgi və diqqət maddiləşib, formal bir mərasimə çevrilərək itib.
Unutmayaq ki, insanlar bəzən sevgisizlikdən də ölür. Dərvişin dediyi kimi, çiçəkləri sağ ikən hədiyyə edin, insanlara öldükdən sonra yox. Həyatda olan insanların bağçasını sulayın, torpağa döndükdən sonra deyil. Sevgi, anlayış və diqqət bir dəbdəbə və ya nümayiş vasitəsi deyil, insani borcdur.
Əgər insanı sağ ikən dəyərləndirə bilsək, bəlkə nə ölən peşman olar, nə də yaşayan vicdan əzabı çəkər.









