media-moon-light-shine-through-window-into-islamic-mosque-interior

media-602008282_846042111655584_8061780398607984281_n

Sufilər qəlbi Haqqın aynası olaraq görürlər. Haqqa dair mərifət də məhz qəlb mərkəzində baş verir. Qəlb eyni zamanda Haqqın evidir. Allah dostu Hz.Əbdülqadir Gilani belə buyurur: “İnsan Allaha bədəni ilə deyil, qəlbi ilə ibadət edər”.

Qəlbi ilə Allaha qulluq edən bir kəs, qəlbinə heç bir büt sevgisi salmaz. Günümüzdə bütlər fərqli formalara bürünüb. Artıq onlar ağacdan yonulmur, insan surətində doğulur, zamanla ətrafındakıları öz iddialarının köləsinə çevirirlər. Özlərini ibadətə layiq elan edir, yanındakılar da dönüb onlara ibadət edirlər. Bütpərəstlik ehtirası ilə həqiqət tapılmaz…

Ağacdan deyil, insandan yonulmuş bütlərin doğurduğu təhlükələr bu gün qarşımıza fərqli şəkildə çıxır. İnsan ehtiraslarının, nəfsin, şöhrət arzusunun və maddi istəklərin içində gizlənərək qarşımızda dayanırlar. Günümüzün bütləri dəbdəbəli avtomobillər, göz qamaşdıran villalar, zəngin həyat tərzləridir. Bəzi insanlar bu bütlər vasitəsilə içlərindəki boşluğu doldurmağa çalışdıqlarını iddia edir, bu iddialarla özlərini aldatmağa çalışırlar, lakin əslində o boşluğu daha da dərinləşdirirlər.

Keçmişdə yoxsulluq içində yaşayan, aclığın acısını dadan, bir tikə çörəyin arxasınca gün sayan bəzi insanlar bu gün maddi bolluğa çatdıqda keçmişlərini unudub, qazandıqlarını yalnız öz zəhmətlərinin məhsulu hesab edirlər. Bu insanlar düşünmürlər ki, bəlkə də qazandıqları sərvət başqalarının yaratdığı fürsətlərin nəticəsində meydana gəlib. İnanclı insanlar bilirlər ki, hər sərvət eyni zamanda bir imtahandır. Dili ilə inancdan danışıb, əməldə onun əksini edənlər Haqqın imtahanını anlaya bilməzlər. “Bu mənimdir” təkəbbürü ilə yollarına davam edərlər. Belə insanlar sahib olduqları gücü şükür vasitəsi kimi deyil, zəiflər üzərində hökmranlıq qurmaq üçün istifadə edərlər. Bu isə təkəbbürün və natamam şəxsiyyətin açıq göstəricisidir.
Əgər bir insan avtomobilini, geyimini, vəzifəsini öz kimliyinin əsas hissəsinə çeviribsə, deməli o insan artıq qəlbində bir büt böyütməyə başlayıb. Hər kəsə yuxarıdan baxmaq, təvazökarlığı zəiflik saymaq müasir bütpərəstliyin təzahürləridir. Bu cür insanlar dar dünyagörüşlərini geniş baxış bucağı, cahilliklərini isə istedad zənn edirlər. Bütpərəstlik artıq zahiri deyil, daxili bir xəstəlik olaraq cəmiyyəti içəridən çürüdür.

İmam Qəzalinin belə bir sözü var: “Nəfsini büt edən insan, əslində şeytanın əlində bir oyuncaq halına gəlib. Həqiqi azadlıq nəfsə qalib gəlməkdir”.

Qəzaliyə görə, insanın nəfsinə qul olması, daşdan yonulmuş bütlərə səcdə etməkdən daha təhlükəlidir; çünki bu qulluq gizlidir və bir çox insan bunu ibadət zənn edir.

Hz. Mövlanə Cəlaləddin Rumi isə belə buyurur: “Sevgin nəyədirsə, sən ona bənzəyirsən. Paranı sevən paraya, məqamı sevən məqama, Allahı sevən Allaha bənzəyir”.

Hz. Mövlanə burada çox açıq bir həqiqəti ifadə edir. İnsan sevdiyinə çevrilir. Pul, şöhrət, nəfs sevgisi isə insanı ruhən çökdürür.

Fridrix Nitsşe isə müasir bütpərəstliyi daha fəlsəfi bir kontekstdə belə izah edir:

“İnsanlar ilahi bir qüvvəyə ibadət etdiklərini düşünürlər, lakin əslində öz ehtiraslarını müqəddəsləşdirirlər”.

Nitsşe burada insanın içindəki eqo və güc istəyinin zamanla bir “tanrı obrazı”na çevrildiyini vurğulayır.

Müasir dünyada bir çox insan görünməyən bütlərin əsiridir. Qəlbini Haqqdan çevirmiş, nəfsin və arzularının köləsi olmuş insan təkcə başqasına yox, əslində özünə də zülm edir. Halbuki qəlb Haqqın evidir, oraya yalnız təmizlik, dürüstlük və mərhəmət yaraşar. O evə büt soxmaq hər şeydən əvvəl qəlbə xəyanətdir. Bu bütlər istər sərvət, istər təkəbbür şəklində olsun, fərq etməz.

Haqqa yaxın olmaq istəyən, əvvəlcə qəlbindəki bütləri sındırmalıdır. Çünki Allah ancaq qəlbində Ona yer açanlara, içini bütlərdən təmizləyənlərə yaxın olar.


media-adspc

Bənzər xəbərlər