media-1786017043_173023749

Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və daha beş müsəlman ölkəsi İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilindəki əməliyyatlarını pisləyərək BMT Təhlükəsizlik Şurasını tədbir görməyə çağırıblar.

ERAmedia xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Birgə bəyanat Qətər, İordaniya, BƏƏ, İndoneziya, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri tərəfindən imzalanıb.

Sənəddə bildirilir ki, İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilində davam edən əməliyyatları Qəzzada əldə olunmuş atəşkəs razılaşmasını zəiflədir və iki dövlətli həll perspektivini ciddi təhlükə altına salır.

Nazirlər BMT Təhlükəsizlik Şurasını İsraili beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur etməyə və beynəlxalq hüququn, eləcə də beynəlxalq humanitar hüququn pozulmasına görə məsul şəxslərin cavabdehliyə cəlb olunmasını təmin etməyə çağırıblar.

Bəyanatda Fələstin ərazilərinin ilhaqına yönəlmiş istənilən cəhd, eləcə də fələstinlilərin məcburi köçürülməsi planları qətiyyətlə rədd edilir.

Sənəd müəllifləri bu addımların beynəlxalq hüquqa zidd olduğunu və regionun təhlükəsizliyi ilə sabitliyi üçün ciddi təhdid yaratdığını vurğulayıblar.

Bəyanat İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını davam etdirməsi və atəşkəs razılaşmasının icrasının növbəti mərhələsinə keçidin ləngiməsi fonunda yayılıb.


media-adspc

Bənzər xəbərlər