Radium - İbrahim Nəbioğlu yazır...

Le Petit Parisien (“Kiçik Parisli”) dərgisinin 1904-cü il yanvar sayı. Üz qabığındakı illüstrasiya diqqətimi çəkir.
Təəccüblənirəm.
Əslində, ilk baxışda burada təəccüblü heç nə yoxdur.
1903-cü ildə Mariya və Pyer Küri Nobel mükafatına layiq görülmüşdülər. Mariya Küri artıq dünyanın ilk qadın Nobel laureatı idi. Belə bir cütlüyün jurnal üz qabığında yer alması tamamilə təbii görünür.
Amma məsələ başqa yerdədir.
Bu nə elmi jurnal idi, nə də texniki bülleten.
Bu, Le Petit Parisien qəzetinin ədəbiyyat əlavəsi idi.
Düşünürsünüzmü?
Bir ədəbiyyat dərgisi öz üz qabığında Mariya və Pyer Kürini yerləşdirir, içəridə isə onların kəşf etdikləri iki radioaktiv element — polonium və radium haqqında yazı dərc edir.
Ədəbiyyat dərgisi.
Radioaktivlik haqqında məqalə.
XX əsrin əvvəllərində Avropa mətbuatının mühüm xüsusiyyətlərindən biri məhz buydu: elm cəmiyyətin mərkəzində idi. Yeni nəzəriyyələr, laboratoriya uğurları, texnoloji sıçrayışlar qəzetlərin birinci səhifəsinə çıxırdı. İnsanlar elmi yalnız universitet auditoriyalarında deyil, gündəlik həyatın içində görürdülər. Elmin nüfuzu mədəniyyətin bir hissəsinə çevrilmişdi.
Bəlkə də Avropanın elmi-texnoloji üstünlüyünün əsas səbəblərindən biri elə buydu: onlar alimi cəmiyyətin periferiyasına deyil, mədəniyyətin mərkəzinə yerləşdirmişdilər.
İndi isə özümüzə baxaq.
Bizdə hansı ədəbiyyat dərgisi yeni bir elmi kəşfi üz qabığına çıxarar?
Hansı mədəni jurnal kvant fizikası, kosmos proqramı, genetika, süni intellekt və ya riyaziyyat haqqında populyar-elmi yazını “ədəbi hadisə” kimi təqdim edər?
Demək olar ki, heç biri.
Çünki bizdə elm hələ də mədəniyyətin bir hissəsi deyil; çox vaxt dar peşə çevrəsinin məşğuliyyəti kimi qəbul olunur. Halbuki sivilizasiyanın istiqamətini dəyişən əsas qüvvə məhz elmdir. Ədəbiyyat isə elmdən uzaqlaşdığı anda gələcəyin dilini itirməyə başlayır.










