Sevgi və qorxu arasında: İnsanı dəyərli edən nədir? - Rəsul Mirhəşimli yazır

- Rəsul Mirhəşimli
Allahın insana vermiş olduğu əmanət, geniş mənada insan olmağın dəyərini anlaya bilmək formuludur. Əgər insan sevginin və qorxunun arasında ömür sürəcəksə, onda həyatımızda qorxunun yeri nədir?
İslam alimlərindən birinin maraqlı bir fikri var: “Fəlakət sənin Allahı tanımamağında deyil, əsl fəlakət Allahın səni tanımamasıdır”.
İnsan varlığında qorxunun yeri Allahın ona lütfünün, mərhəmətinin, rəhmətinin qeyb olması qorxusudur. Bir insan davranışlarında bunları itirməkdən qorxursa, demək, onun qəlbindəki gerçək Allah sevgisidir. İstədiyini yalnız Allahdan istəyir, çünki qulluğu da yalnız Onadır. Qurani-Kərimin ilk surəsindəki ayənin mahiyyətinə tapınaraq, “Yalnız Sənə qulluq etdiyimiz üçün, yalnız Səndən istəyirik” hikməti ilə ömrünü aydınladır.
Bir məsələ də müzakirə edilən mövzular arasındadır. Allah Ondan istənilən hər şeyi insana verirmi? Allah, qapısını dua ilə döyməyi buyurur bəndələrinə. Dua ilə o qapıya gedəni naümid geri qaytarmaz Rəbbimiz. Duanın qəbul olunmasında isə çox zaman bir bəndə səbrsizliyi müşahidə edirik. Allah bəndəsinin duasını onun istədyi vaxtda deyil, insana xeyirli olan vaxtda qəbul edər.
Allah Qurani-Kərimdə buyurur: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz” (“Bəqərə”surəsi, ayə 216).
Hz. Peyğəmbərimizin (s) dualarının içərsində belə bir dua da var: “Ya Rəbbim! Haqqımızda xeyirli olan nədirsə, onu nəsib et və bizi onunla barışdır!”
Deməli, biz nəyin xeyirimizə, nəyin ziyanımıza olduğunu bilmirik. Ən doğrusunu bilən Allah, doğru zamanda da istədiyimizin hasil olmasına qərar verir. İnsan duanın qəbulunda bir hikmətə də diqqət etməlidir. Bu da insanın mənəvi baxımdan saflığı məsələsidir. Əllərini Haqqın dərgahına açan insanın simasındakı nur ovuclarının içini aydınladırsa, demək, o duaların qəbul olunması şəksizdir. İnsan qəlbini Yaradanın sevgisi ilə aydınlatdıqca, içindən gələn aydınlıq üzündə nur olaraq görünür. Xalqımızın deyimindəki “nurlu insan” deyimi də bu hikmətdən yol alır.
“Könüllərini Allahın həqiqi eşqi ilə cilalamış olanlar oraya hər an başqa bir gözəlliyin işıq saçdığını görərlər. Hər an Allah-Təalanın sonsuz qüdrət axınından birinə şahid olarlar. Yəni özlərində gizli olan “Əhsənül-təqvim” həqiqətini kəşf edərlər. Çünki onlar üçün bizim gözəlliklərinə heyran olduğumuz məcazi rənglər və qorxular yoxdur. Onlar dünyəvi rəng və qorxuları aşmışlar. Çünki onlar mərifətullaha yetişmişlər. Dünya elmlərinin qabığındakı naxışı aşmışlar. Həqiqətə çataraq oradan ilahi sonsuzluğu seyr edərlər” (Osman Nuri Topbaş. Məhəbətdəki sirr. Bakı-2008).
Mətndə adı keçən “əhsənül təqvim” Qurani-Kərimin “Tin” surəsindəki “Biz insanı ən gözəl biçimdə yaratdıq!” ayəsini nəzərdə tutur.
İmadəddin Nəsimi də bu hikməti şeirinə gətirib, “Əhsənül təqvimə düşdü könlümüz” deyərək, qiymətli bir məna yaradır. Yəni insan gözəl biçimdə yaradıldığının hikmətini dərk edərək yaşasa, Allahın sevimli bəndələrindən olar. Allahın sevdiklərini isə insanlar da sevər. Bu da varlığın və insanlığın əzəli düsturudur.









