media-1769970687_tramp

ABŞ prezidenti Donald Tramp İranla yaşanan qarşıdurmanın yaxın vaxtlarda başa çatacağını bildirib. O, “İranın daha artıq tab gətirə biləcəyini düşünmürəm” deyib.

ERAmedia xəbər verir ki, Ağ Evdə keçirilən imzalama mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Tramp gündəmdəki məsələlərə münasibət bildirib.

İranla bağlı gərginliyə toxunan ABŞ prezidenti ölkəsinin həyata keçirdiyi hərbi əməliyyatın zəruri olduğunu müdafiə edərək, İranın nüvə silahına sahib olmasına imkan verə bilməyəcəklərini vurğulayıb.

Tramp müharibənin uzun çəkməyəcəyini iddia edərək bildirib:

“Düşünürəm ki, müharibə çox yaxında bitəcək. İranın daha artıq tab gətirə biləcəyini düşünmürəm”.

Onun sözlərinə görə, İrana qarşı əməliyyat dünya təhlükəsizliyi baxımından zəruri idi.

“Onların nüvə silahı əldə etməsinə icazə verə bilməzdik. Əks halda, bu, təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün böyük fəlakətə çevrilə bilərdi. Başqa seçimimiz yox idi”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti həmçinin neft qiymətlərinin müharibədən əvvəlki səviyyədən də aşağı düşəcəyini proqnozlaşdırıb.

Hörmüz boğazındakı son vəziyyətə də münasibət bildirən Tramp boğazın tam təhlükəsiz olduğunu deməyin hələ tez olduğunu qeyd edib.

O bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri bölgədə nəzarəti təmin edir.

“Hələ razılaşmanın əldə olunduğunu demək istəmirəm. Boğaz hazırda müəyyən mənada açıqdır. ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə etdiyi nəzarət mexanizmi fəaliyyət göstərir. Lakin onlar istənilən vaxt mina yerləşdirə və ya başqa hücum həyata keçirə bilərlər”, – deyə Tramp vurğulayıb.

Tramp İranla aparılan diplomatik danışıqlar barədə də danışıb.

Onun sözlərinə görə, danışıqlar davam edir və özü də bu prosesdə iştirak edir.

“Bildiyiniz kimi, danışıqlarda mən də iştirak edirəm. Düşünürəm ki, işlər yaxşı gedir və yaxın vaxtlarda nəticə əldə oluna bilər”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp İranla bağlı açıqlamalarından əlavə, ABŞ-də doğumla vətəndaşlıq verilməsi praktikasını məhdudlaşdıran və “doğum turizmi”ni qadağan edən iki prezident fərmanını da imzalayıb.

O bildirib ki, yeni qərarlarla doğum turizminə qarşı genişmiqyaslı yoxlamalar aparılacaq.

“Çox böyük əməliyyata başlayırıq. Genişmiqyaslı reydlər və sərt yoxlamalar həyata keçiriləcək”, – deyə Tramp qeyd edib.

Ağ Evin Daxili Təhlükəsizlik üzrə müşaviri Stiven Miller isə bildirib ki, yeni qaydalar doğum turizmi vasitəsilə ABŞ vətəndaşlığının əldə edilməsinin qarşısını almağa və sistemdən sui-istifadəni aradan qaldırmağa xidmət edir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər