Zirvə SƏNƏTKAR...
Xalqın zənginliyi onun mənəvi aləmi ilə ölçülüb. Azərbaycan xalqının mənəvi aləmində gərəkli iş görən simalardan biri də Süleyman Rəhimovdur. O, Azərbaycan ədəbiyyatında bənzərsiz qələm sahiblərindən biridir. Çoxəsrlik Azərbaycan ədəbiyyatında bəlkə də yeganə qələm sahibidir ki, bədii yaradıcılığa romanla gəlmişdir. Sənət aləmində ad qazanan, imza sahibi olan əksərləri bədii ədəbiyyata kiçik janrla gəlmiş, püxtələşdikdən sonra iri janrlara keçmişlər. S.Rəhimov örnək sənətkardır ki, hələ tələbə olarkən roman yazdı və roman 1931- ci ildə çapdan çıxdı.

Tolknerin belə bir deyimi var: “Yazıçıya 99 faiz istedad, 99 faiz intizam, 99 faiz işləməyi bacarmaq lazımdır”. S.Rəhimov bu kriteriyaya uyğun gələn qələm sahiblərindəndir. “Şamo” romanı timsalında bu həqiqət öz əksini tapdı. 1940-cı ildə əsərin yeni variantının 1-ci cildi, 1949-cu ildə 2-ci cildi çapdan çıxmışdır. Romanın 3-cü cildi 1964-cü ildə, sonuncu cildi isə 1978- ci ildə nəşr olunmuşdur. Yazıçı 1931- ci ildən 1978-ci ilədək bu əsəri beynində məşq etdirmiş, yazmışdır. Nə qədər haqlı idi: “Bədii yaradıcılıq dərin tədqiqat və psixoloji axtarışdır”.

Ədəbiyyat tariximizdə əlli ilə yaxın bir əsər üzərində işləmək təcrübəsi olmamışdır. Bunu ilk yaradan S.Rəhimovdur. O, bir çox ilklərə imza atan azman söz ustadlarından biridir. Belələrindən biri də “Şamo”nun ədəbiyyat tariximizdə ilk epopeya olmasıdır. “Şamo”nun baş qəhrəmanı xalqdır. Yazıçı bu əsərində 1917-1920-ci illərdə Azərbaycandakı xalq hərəkatını, epoxal hadisələri, mürəkkəb ictimai prosesləri epizmin vüsət və genişliyi ilə əks etdirmişdir. Məlum həqiqətdir ki, “Şamo” romanı sovet ədəbiyyatının prinsipləri mövqeyindən yazılmışdır. Bu əsrdə 1918-1920-ci illərdə Türk ordusunun xilaskarlıq məqsədi də Azərbaycana gəlməsi, müsavat hökumətinin milli işləri indi başa düşülən mənada öz əksini tapmamışdır. Amma bunlar romanın bədii dəyərini azaltmır. “Ədəbiyyat qəzeti”ndən oxuduğum bir məqamı yazmaq yerinə düşər. Rəhmətliklər B.Vahabzadə və S.Rəhimov Göygöldə dincələrkən B.Vahabzadə S.Rəhimova deyir ki, “Şamo”da tarixi gerçəkliklər yaxşı qələmə alınmayıb. S.Rəhimovsa deyib ki, Bəxtiyar, sən “Şamo”nu diqqətlə oxusaydın, görərdin ki, mən yazmışam, “Sultan bəy başına pələng dərisindən tikilmiş papaq qoyardı. Bu, nə deməkdir?” Bu, mənim o insanlara sevgim deyilmi?

Doğrudan da əsərə yazıldığı dövrün prizmasından qiymət vermək yaxşı olar. S.Rəhimov Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq “xalq yazıçısı” fəxri adını almış sənətkardır. Ədəbiyyat tariximizdə ilk dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ədəbiyyatımıza bu ada dörd sənətkar layiq görülüb ki, ilki də S.Rǝhimovdur. Bu günün oxucusu bilsin ki, sovet dövründə Sosialist Əməyi Qəhrəmanı əmək adamına verilərdi.

S.Rəhmanovun ömür yoluna bələd olanlar bilir ki, o, bir sıra məsul vəzifələrdə işləmişdir. Rayon partiya komitəsinin katibi, Bakı partiya komitəsində təbliğat üzrə katib, Azərbaycan partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdir müavini vəzifələrdə çalışmışdır. Bu müdrik insan yaxşı bilirdi ki, vəzifədə xalqın sevgisini qazanmaq çətindir, əbədi yaşamaq şansı azdır. Ona görə də qələmi sevdi, qələm də onu ucaltdı. Bəlkə də M.Füzulinin “Padşahi-mülk” qitəsini yaxşı mənimsədiyindən vəzifə düşkünü olmadı. Bu da gözəl örnəkdir.

S.Rəhimovun ilklərindən birini də yazmaq xoşdur. Aşıq ədəbiyyatımızda şərəfli, tutumlu dədə sözünə layiq görülən ustad sənətkarlar, məktəb sənətkarlar olmuşdur: Dədə Ələsgər, Dədə Şəmşir…
Azərbaycan yazılı ədəbiyyatında Süleyman Rəhimov da “Dədə” adlanmışdır. Ona Dədə deyənlər çox idi, özü də bu ifadə ürəkdən gəlirdi.
S.Rəhimov məşhur romançıdır. “Saçlı”, “Ağbulaq dağlarında”, “Ana abidəsi”, “Qafqaz qartalı” romanları, “Medalyon”, “Mahtaban”, “Aynalı” povestləri onun yaradıcılıq məhsullarıdır. Bəziləri çoxcildliyi S.Rəhimov yaradıcılığına qüsur sayır.
Məktub yazmağa söz ehtiyatı olmayanlar bunu irad hesab edirlər. Bu məqamda S.Rəhimovun bir kəlamını yazmaqdan zövq alıram: “İstedad birdirsə, əmək, zəhmət yüzdür. Yox, mən deyərdim: mindir”.
Doğrudan da, S.Rəhimov belə əsərləri gərgin zəhməti hesabına yazmışdır, yaratmışdır. Ədəbi prosesi anlayan bilir ki, yaradıcılıq əzablı işdir. Yorulmadan yazmaq S.Rəhimovun yaraşığı idi.
S.Rəhimov satirik nəşrin gözəl nümunələrini yaradanlardandır. Onun “Su ərizəsi”, “Şərbatalı”, “Üzsüz qonaq”, “Xoruzlu dəsmal” povest və hekayələri satira ilə yoğrulmuşdur. S.Rəhimov ədəbiyyatımızda psixoloji üslubun görkəmli simasıdır. Onun realist-psixoloji üslubda yazdığı “Mehman” povesti bir zamanlar gənclik formalaşdıran əsərlərdən idi. Oxumuşam ki, 70-ci illərdə Bakı məktəblərində belə bir anket sorğusu aparılmışdır: “Ən çox sevdiyiniz ədəbi qəhrəman kimdir?” Sorğuda iştirak edənlərin çoxu S.Rəhimovun “Mehman” povestinin baş qəhrəmanı Mehmanın adını çəkmişdi. Gerçəkdən Mehman obrazı gəncliyin kumiri idi, saflıq mücəssiməsi idi.

Yeri gəlmişkən bir məqama toxunmağı da özümə borc bilirəm. Məlumdur ki, gələcəyin filoloqları, tarixçiləri, hüquqşünasları ədəbiyyat fənnindən də ali məktəbə qəbul olmaq üçün imtahan verirlər. Ürək ağrıdıcıdır ki, XI sinifdə S.Rəhimov tədris olunmur. Belə bir sənətkara XI sinifin ədəbiyyat dərsliyində kiçik iki abzaslıq yer vermək “Azərbaycan nəşrinin uzaqvuran ağır artilleriyasına” (S.Vurğun) sayğı-sızlıqdır. Təəssüf!

S.Əzim qəzəllərinin bir misrasında yazmışdır: “Mövti-cismanı ilə sanma mənim ölməyimi”. S.Rəhimov ölməz sənətkarlarımızdandır. Onun qəbirustü abidəsindəki yazı da ibrətlidir, düşündürücüdür: “Dünyanın bütün çirkab sularını qəbrim üstə buraxsalar, qəbrim çirk götürməz”.
Bəli, şərəfli yaşamaq ölümsüzlükdür. Belə ədəbi simanın əsərlərini oxumaq, öyrənmək, onun işığından nur götürmək, mənəvi dünyamızı zənginləşdirmək bizlərin oxucuların əsas işi olmalıdır.

Ədalət ƏSƏDOV,
Azərbaycan Respublikasının Əməkdar müəllimi










