ABŞ-ın İranda gizli əməliyyatı: Lokal müdaxilə ssenarisi güclənir - ŞƏRH
İran ərazisində amerikalı pilotun xilas edilməsi əməliyyatının detalları regionda hərbi balans və mümkün ssenarilər baxımından diqqət çəkir.
ERAmedia-nın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı bildirib ki, xüsusi təyinatlı qüvvələrin İsfahanın cənubuna eniş etməsi və dağlıq ərazidə gizlənən pilotu çıxarması ABŞ-ın İran dərinliklərində lokal quru əməliyyatları həyata keçirmək imkanlarını nümayiş etdirir.
Məlumata görə, əməliyyat gündüz saatlarında baş tutub və Donald Tramp bununla bağlı açıqlamasında bu detalı xüsusi vurğulayıb. Eyni zamanda, “CBS News” hərbi mənbələrə istinadən xəbər verir ki, pilotun gizləndiyi əraziyə yaxınlaşmağa çalışan İran qüvvələri ABŞ tərəfindən hava zərbələri ilə zərərsizləşdirilib.
Asif Nərimanlının sözlərinə görə, bu hadisə ABŞ-ın genişmiqyaslı quru müharibəsindən daha çox, lokal və hədəfli əməliyyatlara üstünlük verə biləcəyini göstərir: “Canlı qüvvə baxımından qeyri-bərabərlik səbəbilə genişmiqyaslı quru döyüşləri real görünməsə də, müəyyən strateji nöqtələrin ələ keçirilməsi və ya kritik resursların çıxarılması istiqamətində məhdud əməliyyatlar mümkündür”.
Şərhçi qeyd edir ki, ABŞ-ın əsas üstünlüyü hava məkanına nəzarət imkanlarıdır və bu faktor quru əməliyyatlarını dəstəkləyən əsas elementdir: “Hədəfə yaxınlaşan İran qüvvələrinin qarşısının hava zərbələri ilə alınması Vaşinqtonun taktiki üstünlüyünü təmin edir. Pilotun xilas edilməsi əməliyyatı bu modelin praktikada işləyə biləcəyini göstərdi.”
Asif Nərimanlı hesab edir ki, pilotun xilas edilməsi yalnız humanitar və nüfuz məsələsi deyil, eyni zamanda sınaq xarakteri daşıya bilər: “Belə əməliyyatlar gələcək mümkün müdaxilələr üçün praktiki hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər. Xüsusi təyinatlı qüvvələrin İran ərazisinə daxil olması və təhlükəsiz şəkildə geri çəkilməsi ciddi siqnaldır.”
Bu kontekstdə Rafael Qrossinin daha əvvəl verdiyi açıqlamalar da yenidən gündəmə gəlir. O bildirmişdi ki, İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatının bir hissəsi İsfahandakı nüvə obyektinin tunel kompleksində saxlanılır. Şərhçiyə görə, bu məlumatlar mümkün hədəflər və əməliyyat istiqamətləri baxımından diqqətlə izlənilir.
Nəticə etibarilə, baş verən hadisə ABŞ-ın İran daxilində məhdud, lakin yüksək dəqiqlikli əməliyyatlar həyata keçirmək qabiliyyətini nümayiş etdirməklə yanaşı, regionda yeni hərbi-strateji mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər.
Mələk Onur










