media-media-1781756074_11-6nkszb

ABŞ və İran arasında əldə olunmuş Anlaşma Memorandumunun bəzi müddəaları tərəflər tərəfindən fərqli şəkildə şərh edilir.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Aqşin Kərimov memorandumun məzmunu ilə bağlı ABŞ və İran tərəfindən səsləndirilən mövqelərin bir sıra mühüm məsələlərdə üst-üstə düşmədiyini bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi Hörmüz boğazında gəmiçilik azadlığının uzunmüddətli təmin edilməsini gözlədiyini bəyan edir. ABŞ-ın vitse-prezidenti Cey Di Vens iyunun 15-də Vaşinqtonun boğazın gələcəkdə də “rüsumsuz şəkildə” açıq qalacağına ümid etdiyini açıqlayıb. “Axios” nəşrinin məlumatına görə, İran kommersiya gəmilərinin 60 gün ərzində heç bir ödəniş olmadan təhlükəsiz keçidini təmin etməyi öhdəsinə götürür. Eyni zamanda, Tehran gələcək idarəetmə və dəniz xidmətləri mexanizmlərinin müəyyənləşdirilməsi üçün Omanla əməkdaşlıq edəcək.

Aqşin Kərimov qeyd edib ki, İran mediasında isə bu məsələ fərqli təqdim olunur. SEPAH-a yaxınlığı ilə tanınan “Tasnim” agentliyi bildirib ki, İran yalnız 60 günlük müddət ərzində rüsumların tətbiqini dayandıracaq və həmin müddətdən sonra yenidən ödənişlərin alınmasına qayıtmağı planlaşdırır.

Təhlilçi memorandumun regional təhlükəsizlik məsələlərində də fikir ayrılıqları yaratdığına diqqət çəkib. ABŞ-ın İsraildəki səfirinin bəyanatına əsasən, İran və “Hizbullah” arasında memorandum çərçivəsində hər hansı əlaqələndirmə nəzərdə tutulmayıb və İsrailin özünü müdafiə etmək üçün İranın razılığına ehtiyacı yoxdur. Bundan əlavə, ABŞ rəsmilərindən biri “AP News” agentliyinə bildirib ki, saziş İsrail qoşunlarının Livandan çıxmasını tələb etmir.

Bunun əksinə olaraq, İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, “Hizbullah”a qarşı hər hansı hücum və ya İsrailin Livandakı hərbi mövcudluğunun davam etməsi Anlaşma Memorandumunun pozulması kimi qiymətləndirilə bilər.

Aqşin Kərimovun fikrincə, nüvə proqramı ilə bağlı məsələlərdə də tərəflərin yanaşmaları fərqlənir. ABŞ Prezidenti Donald Tramp iyunun 15-də İranın heç vaxt nüvə silahına malik olmamaq öhdəliyini qəbul etdiyini bildirib. “Axios”un məlumatına görə, tərəflər zənginləşdirilmiş nüvə materiallarının gələcək taleyinin müəyyənləşdirilməsi, eləcə də gələcək zənginləşdirmə fəaliyyəti və digər qarşılıqlı razılaşdırılmış məsələlərin müzakirəsi barədə razılığa gəliblər.

Lakin İran rəsmiləri yalnız 60 günlük danışıqlar dövründə nüvə məsələlərinin müzakirə ediləcəyini vurğulayır və əsas nüvə məsələlərində hər hansı güzəştə getməyə hazır olduqlarını göstərən açıqlamalar vermirlər.

Siyasi təhlilçi hesab edir ki, memorandumun icrası prosesində tərəflərin fərqli şərhləri gələcək danışıqların və regional sabitliyin əsas sınaq məqamlarından biri olacaq.

Vural

Videonu izləmək üçün linkə keçid edin:

https://www.facebook.com/reel/873365732065437


media-adspc

Bənzər xəbərlər